...

Dəvəçidə itkin düşmüş qızın axtarışı yenidən bərpa olunub

Siyasət Materials 28 Avqust 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Quba / Trend , müxbir A.Qafarov/ Çərşənbə axşamı səhərdən başlayaraq Dəvəçinin Dağ Brizi kəndində itkin düşmüş Reyhanə Məcidovanın axtarışı yenidən bərpa olunub. Trend in bölgə müxbirinin sözlərinə görə, meyitin axtarışına başlanması üçün Samur-Abşeron kanalının Dəvəçi rayon ərazisindən keçən hissəsində suyun istiqaməti dəyişdirilib. Kanalın suyu ehtiyat xətt vasitəsilə Xəzər dənizinə istiqamətləndirilib.

Dağ Brizi kəndinin sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidovalar oğurlanıb. Uşaqların valideynlərinin bildirdiyinə görə, iyulun 6-da onlar böyürtkan yığmağa gediblər. Onların geri qayıtmadığını görən valideynlər kəndi axtarmağa başlayıblar. Axtarışların nəticə vermədiyini görən valideynlər Dəvəçi rayon Polis Şöbəsinə müraciət ediblər.

Kənd sakinlərinin və polisin şübhəli bildiyi Dəvəçi rayon Dələgah kənd sakinləri Təvəkkül və Elnur İsmayılovlar saxlanılıb. Hazırda Dəvəçi rayon Prokurorluğu və digər hüquq-mühafizə orqanları araşdırmalar aparırlar.

Dəvəçi rayonunun Dağ Brizi kəndində itkin düşən 14 yaşlı Nailə Məcidovanın meyiti tapılıb. Meyit Samur-Abşeron kanalının Siyəzən ərazisindən keçən hissəsində aşkarlanıb. Polisin məlumatına görə, meyit tibbi ekspertizaya göndərilib. 7 yaşlı Reyhanə Məcidovanın axtarışı isə hələ davam edir. Meyitin axtarışına Dəvəçi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Siyəzən polisi və prokurorluğun əməkdaşları da cəlb edilib. Hazırda suyun qurudulması prosesi aparılır.

Rayon prokuroru Faiq Rzayev bildirib ki, İsmayılov ifadəsində hər iki qızı qətlə yetirdiyini və kanala atdığını etiraf edib. O, qətli uşaqların atası ilə arasında olan şəxsi ədavətə görə törətdiyini deyib. İsmayılov qızlara qarşı cinsi zorakılıq edilmədiyini də söyləyib. Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Dəvəçi paytaxt Bakıdan 120 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti