...

İraq türkmanları Azərbaycan dövlətindən və ictimai qurumlarından maddi-mənəvi dəstək istəyirlər

Siyasət Materials 4 Sentyabr 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ İraq türkmanları - İraqın şimalında, Kərkük vilayətində yaşayan türk əsilli xalqın nümayəndələri Azərbaycan dövlətindən, ictimai qurumlarından maddi-mənəvi dəstək istəyirlər. Trend in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən İraq türkmanlarının simpoziumunda İraq Türkmanları Cəbhəsinin təmsilçiləri açıqlamalar veriblər.

İraq Türkmanları Cəbhəsi türkmanlardan ibarət 4 siyasi partiyanı birləşdirir.

Qurumun liderlərindən biri Şəmsəddin Mustafa Türkmənoğlu bildirib ki, Azərbaycan dövləti təhsil, səhiyyə sahələrində kərküklülərə yardım göstərməlidir: "Biz Azərbaycan prezidenti İlham Əliyevdən xahiş edirik ki, türkmanların Azərbaycanda təhsil almasına, müəllimlərin təkmilləşməsi üçün burada kurslar keçməsinə köməklik göstərsin".

İraq Türkmanları Cəbhəsinin digər təmsilçisi Ənvər Bayraqdar bildirib ki, İraq türkmanlarının Bakıda rəsmi təmsilçiliyi açılmalı, bu nümayəndəlik vasitəsilə türkmanların problemləri digər dövlətlərə, beynəlxalq təşkilatlara çatdırılmalı, onlar üçün yardımlar istənilməli, hüquqları müdafiə olunmalıdır.

Azərbaycan parlamentinin deputatı Qənirə Paşayeva bu təkliflərə dair mövqeyini açıqlayarkən bildirib ki, bütün türkdilli dövlətlər İraq türkmanlarına dəstək olmalıdır. Onun fikrincə, Azərbaycan dövlətinin təhsil və səhiyyə sahəsində türkmanlara köməklik göstərməsi mümkündür.

"Həmçinin İraq parlamentində təmsil olunan türkman deputatlar Azərbaycanın Milli Məclisi ilə dostluq qrupunun yaradılmasına nail olmalıdırlar. İraq-Azərbaycan parlamentlərarası dostluq qrupu vasitəsilə əlaqələr qurular, qarşılıqlı səfərlər edilər və bununla da Milli Məclis səviyyəsində qardaş türkmanlara hansısa köməklik göstərilməsi mümkün ola bilər" - deyə Paşayeva bildirib.

Xəbər lenti

Xəbər lenti