...

Qobustan həbsxanasında məhkumların aclığa başlaması xəbəri təsdiqləndi

Cəmiyyət Materials 12 Sentyabr 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında bir qrup məhkumun aclığa başlaması xəbəri təsdiqlənib. Penitensiar Xdmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Trend ə bildirib ki, ömürlük azadlıqdan məhrum edilmiş 5 nəfər məhkum bu gündən aclığa başlayıb. Aclığa başlayan məhkumlar həbsxana rəisinə ərizə ilə müraciət ediblər. Onlar cəzalarının 15 ilə endirilməsini tələb edirlər.

Sadıqov bildirib ki, bu məhkumların problemi hüquqi həllini tapıb. Belə ki, Konstitusiya Məhkəməsi bu məsələnin birinci instansiya məhkəməsi tərəfindən həll olunması barədə qərar qəbul edib.

Məhkumlara həbsxana rəhbərliyi tərəfindən təzyiqlər göstərilməsi ilə bağlı məsələyə aydınlıq gətirən şöbə rəisi yayılan məlumatı təkzib edib. Bildirib ki, məhkumların saxlanıldığı kameraların su və işığının kəsilməsi barədə yayılan xəbərlərin həqiqətə uyğun deyil.

Məhkumların qohumları bu gündən 10 məhkumun aclığa başladığını xəbər verib.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edirlər ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti