Azərbaycan, Bakı, 12 sentyabr / "TrendLife" , müxbir Şahin Cavadsoy/ Son zamanlar yerli şou-biznes nümayəndələrinin bəziləri efirdə özlərinin şəxsi teleproqramlarını açıblar. Bu sırada Rəşad İlyasovun, Lalə Məmmədovanın, Nisə Qasımovanın adlarını çəkmək olar. Ancaq bilmirik ki, Elariz niyə buna birmənalı reaksiya verir. O, bu barədə "TrendLife"a bunları bildirdi: "Əgər müğənni, bəstəkar, aktyor, jurnalist radioda və ya televiziyada yüksək səviyyədə proqram aparırsa və bu yüksək reytinqə səbəb olursa, normal haldır. Əgər veriliş tanışlığa, pula görə efirə çıxırsa, tamaşaçılar bəyənmirsə, onda həmin veriliş kimə lazımdır? Düşünürəm ki, belə verilişləri efirə buraxmaq olmaz. Əgər mənə əla ssenari təklif edilsə, böyük məmnuniyyətlə veriliş apararam. Məsələn , İbrahim Tatlısəsin veriliş aparmağı mənim çox xoşuma gəlir. İnanıram ki, vaxt gələcək bizdə də belə keyfiyyyətli verilişlər olacaq".
Bundan başqa, müğənni daha bir açıqlama da verdi: "Digərlərindən fərqli olaraq, mənim yaxın gələcəkdə solo konsert vermək fikrim yoxdur. Bu asan iş deyil. Bunun üçün sponsor lazımdır. Özünüz gördüyünüz kimi, hazırda müğənnilər sponsorun gücünə konsertlər verirlər. Lakin mən nəyə nail olmuşamsa, öz gücümə nail olmuşam. Mənim heç vaxt sponsorum olmayıb, olmayacaq da!"