Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında keçirilən aclıq aksiyasına daha 6 məhkum qoşulub. Bu barədə Trend ə bazar ertəsi məhkumların qohumları məlumat veriblər. Məlumata görə, hazırda Qobustan həbsxanasında ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 21 məhkum aclıq keçirir.
Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.
Ağzını tikən məhkum Rauf Eyvazovun bacısı qardaşının səhhətindən narahatdır. O, həbsxana rəisi Əlizadə Hüseynovla telefonla danışaraq Penitensiar Xidmətin qardaşının aksiyanı dayandırması barədə verdiyi yanlış məlumatdan sonra onun bu addımı atdığını rəisin diqqətinə çatdırıb.
Məlumata görə, aclığa başlayan ilk 15 məhkum aşağıdakılardır: Çingiz Paşayev, Bəxtiyar Cəfəov, Rauf Eyvazov, Şakir Rzaxanov, Səfa Poladov, Yalçın Rzayev, İldırım Orucov, İsmayıl Əliyev, Aydın Rzayev, Qurban Məmmədov, Arif Kazımov, Əli Məmmədov, Mahir İsmayılov, Rahib Məsimov və İlyas İsmayılov.
Məhkumların qohumları aclıq edən məhkumlara həkim nəzarətinin olmadığını, hətta səhhəti ilə bağlı problem yaranan məhkumlara tibbi yardım göstərilmədiyini bildiriblər. Penitensiar Xidmətin Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Trend ə bildirib ki, həbsxanada 4 məhkum Çingiz Paşayev, Şakir Rzaxanov, Yalçın Rzayev, Aydın Rzayev aclığı davam etdirir və onların səhhətləri ilə bağlı problemləri yoxdur. Sadıqovun sözlərinə görə, onlar həkim nəzarətindədirlər.
Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.
İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.