Azərbaycan, Bakı, 21 sentyabr / "TrendLife" , müxbir Vüqar Vüqarlı/ Azərbaycan bəstəkarlarının sonuncu VIII qurultayında seçilmiş İdarə Heyəti son zamanlar heyətin sədrinə qarşı mətbuatda bəstəkar Xəyyam Mirzəzadə tərəfindən səsləndirilən tamamilə əsassız və hətta təhqiramiz hücumlara qəti etirazını və hiddətini bildirir.
Respublikanın xalq artisti, professor, "Şöhrət" ordenli prezident təqaüdçüsü, hazırda geniş beynəlxalq miqyasda Azərbaycan musiqisinin yüksək peşəkarlıq səviyyəsini layiqincə təmsil edən Firəngiz xanım Əlizadə məhz öz həmkarları arasında qazandığı böyük nüfuzu sayəsində, tam demokratik yolla və səs çoxluğu ilə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri vəzifəsinə seçilib. Çoxluğun seçimi ilə razılaşmayan Xəyyam Mirzəzadənin təşkilatımızın yeni rəhbərini mətbuat səhifələrində qaralamaq, gözdən salmaq cəhdləri bizim tərəfimizdən bütövlükdə İttifaqa, onun üzvlərinə, İdarə Heyətinin fikrinə, rəyinə ən azından hörmətsizlik kimi qiymətləndirilir. Bütün demokratik cəmiyyətlərdə, qurumlarda çoxluğun seçiminə bu cür münasibət, barışmaz, düşmənsayağı mövqe isə əks tərəfin qatı, antidemokratik xislətindən xəbər verir. Hər bir sənətkar öz həmkarının üslub tərzi, yaradıcılıq istiqaməti ilə razılaşmaya bilər, bu, tamamilə təbii bir haldır. Lakin öz həmkarının şəxsiyyətinə, peşəkarlığına, illərlə qazanılan böyük nüfuzuna əsassız şəkildə böhtan yağdırmaq və ləkə vurmaq, ilk növbədə, özünə hörmət qoyan insana yaraşmayan bir hərəkətdir.
Xəyyam Mirzəzadənin şübhə altına qoyduğu bir məsələyə tam aydınlıq gətirib bəyan edirik ki, Firəngiz xanım Əlizadə 1998-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən professor adına layiq görülmüş və ona görkəmli alim, mərhum akademik Azad Mirzəcanzadənin imzası ilə PR № 0425 saylı professorluq diplomu verilmişdir. Xəyyam Mirzəzadəyə yalnız sözünə əməl edib üzr istəmək qalır.