...

Azərbaycanın təhsil naziri türk məktəblərində dinin təbliğ olunması ilə bağlı məlumatları təkzib edir

Cəmiyyət Materials 24 Sentyabr 2007 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Azərbaycanın təhsil naziri Türkiyənin "Çağ" Öyrətim Şirkətinin Azərbaycanda olan orta məktəb və litseylərində qanunsuz tədris prosesinin aparılması, şagirdlərin dini geyimlərə və dini dərslərə cəlb olunması ilə bağlı məlumatları təkzib edir. Təhsil naziri Misir Mərdanov bazar ertəsi Bakıda jurnalistlərə açıqlamasında bildirib ki, "Çağ" Öyrətim Şirkətinin məktəb və litseylərində təhsil və tərbiyə prosesinin səviyyəsindən narazı deyil.

"Bizə də belə məlumatlar daxil olurdu ki, həmin məktəblərdə təhsil alanlara namaz qıldırırlar, bunun üçün ayrıca otaqlar ayrılıb. Bir necə il əvvəl rəsmi şəxslərlə birgə bu məlumatları yoxlamaq üçün "Çağ" Öyrətim Şirkətinin məktəb və litseylərində qəfil reyidlər keçirdik. Lakin qanunsuz hallarla rastlaşmadıq" - deyə Mərdanov əlavə edib.

Türkiyənin "Çağ" Öyrətim Şirkəti Azərbaycana 1992-cı ildə gəlib. Dünyanın bir sıra ölkələrində məktəb, litsey və universitetləri olan bu şirkətnin Azərbaycanda onlarla məktəb və litseyləri var. Bu təhsil müəssisələri həm Bakıda, həm də bölgələrdə fəaliyyət göstərir.

"Çağ" Öyrətim Şirkətinin Türkiyənin dini cərəyanı olan nurçulara məxsus olduğu bildirilir. Nurçuların lideri Fətullah Gülən Türkiyədə axtarışdadır və bir neçə ildir ki, ABŞ-da yaşayır. Nurçular cəmiyyətdə islamın sərt qaydalarının tətbiq olunmasını təbliğ edirlər. Rusiya hökuməti bir müddət əvvəl "Çağ" Öyrətim Şirkətinin bu ölkədə olan bütün məktəb və litseylərinin bağlanması haqda qərar qəbul edib.

Bu şirkətin Azərbaycandakı təhsil müəssisələrində də dinin təlbiğ olunduğu, məktəblilərin dini ayinləri icra etməyə məcbur edildiyi, imkansız ailələrin övladlarını müəyyən güzəştlər müqabilində öz təsirləri altına saldıqlarına dair məlumatlar var.

Mərdanov bildirib ki, son illərin monitorinq və araşdırmaları onu göstərir ki, "Çağ" Öyrətim Şirkətinin məktəb və litseylərində yüksək səviyyədə təhsil və tədris prosesi aparılır: "Burada heç kim nəyəsə məcbur edilmir. Ona görə də bu deyilənlər Azərbaycanda təhsilin inkişafına xidmət etmir və bunu deyənlər təhsilin inkişafına xidmət etmirlər. Mən şagirdlərin həmin məktəblərə getməmişdən əvvəl və sonrakı səviyyələri ilə tanış olmuşam. Ciddi müsbət dəyişikliklər olduğunu görmüşəm. Biz belə məktəbləri niyə dəstəkləməməliyik? Mən onların fəaliyyətini dəstəkləyirəm".

Xəbər lenti

Xəbər lenti