...

Gürcüstan azərbaycanlıları Azərbaycanda pulsuz ali təhsil almaq istəyirlər

Cəmiyyət Materials 10 Oktyabr 2007 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstan azərbaycanlıları Azərbaycanın təhsil sistemində onlar üçün xüsusi güzəştlər tətbiq olunmasını istəyirlər. Bu barədə çərşənbə günü Bakıda keçirilən Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərinə həsr olunmuş Dəyirmi masada açıqlama verilib.

Tədbir iştirakçıları bildiriblər ki, Gürcüstanın Kvemo-Kartli (Borçalı) bölgəsində yaşayan azərbaycanlılar Azərbaycan dilində təhsil aldıqları üçün Gürcüstanın ali məktəblərinə daxil ola bilmirlər. Ona görə də onların təhsil almaq üçün üz tutduqları ölkə Azərbaycandır.

Azərbaycanda isə bütün xarici ölkə vətəndaşları yalnız pullu təhsil ala bilər, üstəlik onların təhsil haqqı yerli tələbələrlə müqayisədə çoxdur. Ona görə də Gürcüstan azərbaycanlıları Azərbaycanın ali məktəblərində pulsuz təhsil ala bilmirlər.

Tədbirin təşkilatçısı "Körpü" Gürcüstan-Azərbaycan əlaqələr cəmiyyəti təklif edir ki, Azərbaycanın dövlət ali məktəblərində Gürcüstan vətəndaşları olan azərbaycanlılara pulsuz təhsil almaq üçün kvota ayrılsın. Həmçinin onlar üçün özəl ali məktəblərdə təhsil haqqı digər əcnəbi tələbələrlə eyniləşdirilməsin, güzəşt tətbiq edilərək daha az məbləğdə olsun. Çünki Gürcüstanda yaşayan azərbaycanlıların sosial-iqtisadi vəziyyəti ağır olduğu üçün onların təhsil haqqı ödəməyə imkanları yoxdur.

Dəyirmi masa iştirakçıları bu təklifi dəstəkləyərək Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə Gürcüstan azərbaycanlılarının Azərbaycanda pulsuz və güzəştli ödənişli əsaslarla təhsil almasına şərait yaradılması xahiş olunur.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 500 minə yaxın azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti