Azərbaycan, Bakı, 16 oktyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/
Həmişə birlikdə görməyə adət etdiyimiz müğənnilər- Cavanşir Məmmədovla Firuzə İbadovanın aralarının dəyməsi barədə məlumatlar yayılıb. Deyilənə görə, bu vaxtadək aralarından su belə keçməyən sənətçilər artıq mehriban düşmənə çeviriliblər. TrendLife yayılan söz-söhbətlərə aydınlıq gətirilməsi üçün Cavanşir Məmmədovla əlaqə saxlayıb.
-Cavanşir müəllim, doğrudanmı Firuzə xanımla uzun zaman sürən dostluğunuz pozulub?
-Xeyir, bu şayiədən başqa bir şey deyil. Sadəcə, Firuzə xanım Ramazan ayında əməliyyat olundu. Ona görə də bəzi konsertlərdə mənimlə birgə çıxış edə bilmirdi. Necə olur ki, 11 ildə aramız dəymədi, indi dəydi? Əgər münasibətlərimiz bu səviyyəyə çatsa, yəqin ki, ilk olaraq siz bilərdiniz.
-Ümumiyyətlə, üzünüzə gülüb, arxanızca danışan insanlar varmı?
-Mən müsəlmanları iki yerə bölürəm: müsəlman və "musırman". Şayiələr yaymaq "musırmanın" xəstəliyidir. Yəqin ki, "musırmanın" mənasını bilirsiniz, zibil adam deməkdir. İşləri- gücləri olmayan insanlar onun-bunun arxasınca danışırlar. Mən belə insanlara dəyər vermirəm.
-Sizcə, kütlədən qorxan müğənni varmı?
-Var. O vaxt türk müğənnisi vardı-Bayhan, mənimlə birgə "Şəfa" stadionunda konsert verəndə söylədi ki, Cavanşir abi, elə elə ki, mən burdan tez çıxım. Mikrafon əlində əsirdi. Ümumiyyətlə, sizə bir söz deyim, özündə həqiqətən də abır-həya hiss edən, sənətinə hörmət edən müğənni hər dəfə səhnəyə çıxanda həyəcan keçirir. Biz hamımız o hissləri yaşamışıq.
-Artıq neçə ildir ki, sənətdəsiniz?
-25 ildir ki, sənətdəyəm. O vaxtlar Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ilk müğənni mən idim ki, populyar türk sənətçisi Əmrahla birgə konsert vermişdim. İndikilər isə, "Türkiyəyə getdim, onunla konsert verdim, qastrollarımız oldu" kimi sözlərlə özlərini reklam edirlər.