...

Azərbaycan Dövlət Neft Akademiyasının 56-cı elmi-texniki konfransı başlayıb

Cəmiyyət Materials 13 Noyabr 2007 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) ənənəvi olaraq hər il keçirdiyi tələbələrin elmi-texniki konfransı bu il də davam etdirildi və Konstitusiya Gününə həsr olundu. Trend in məlumatına görə, çərşənbə axşamı Neft Akademiyasında 56-cı elmi-texniki konfransın açılış mərasimi olub.

ADNA-nın rektoru akademik Siyavuş Qarayev bildirib ki, 56-cı konfrans bakalavr və magistratura pilləsində təhsil alan və elmi fəaliyyətə cəlb olunmuş tələbələrin elmi işlərinə yekun vuracaq.

Rektorun sözlərinə görə, təkcə 2006-2007-ci illər ərzində ADNA-nın 136 tələbəsi respublika əhəmiyyətli konfranslarda, 21 tələbəsi olimpiada yarışlarında iştirak edib, onlardan 32 nəfəri müxtəlif mükafatlara layiq görülüb.

2006-cı ildə təşkil edilmiş 55-ci konfransda isə 272 məruzə dinlənilib, onlardan 211-nin tezisləri toplu şəklində çap etdirilib, 39 nəfər Təşkilat Komitəsinin diplomlarına, 62 nəfər Bakıda fəaliyyət göstərən transmilli şirkətlərin hədiyyələrinə, 15 nəfər tələbələrin Həmkarlar İttifaqının pul mükafatlarına layiq görülüb.

Builki konfransa 342 tələbə-magistrant öz məruzəsini təqdim edib. Onlardan 286-sı bakalavr, 56-sı magistratura pilləsinin tələbələridir. Məruzəçilər içərisində 9 nəfər əcnəbi tələbə var. Məruzəçilərin elmi işləri 9 bölmədə, 23 iclasda müzakirə ediləcək. Hər bölmədə 5 nəfərlik münsiflər heyəti məruzələri qiymətləndirəcək. Sonda yüksək bal toplayan tələbələr Təşkilat Komitəsinin diplomları, tələbələrin Həmkarlar İttifaqı Komitəsinin pul mükafatları və ayrı-ayrı şirkətlərin hədiyyələri ilə təltif olunacaqlar.

Məruzələrin dinlənilmə iclasları noyabrın 29-dək davam edəcək, dekabrın 7-də isə 56-cı konfransın yekun mərasimi olacaq.

Açılış mərasiminə qatılan təhsil naziri Misir Mərdanov tələbələrə müraciət edərək bildirib ki, prezient İlham Əliyevin sərəncamı ilə azərbaycanlı tələbələrin xarici ölkələrin təhsil müəssisələrində oxuması üçün şərait yaradılacaq və ADNA-da bu istəkdə olan istedadlı tələbələr önə çıxa bilərlər. Dövlət xaricdə təhsil alacaq tələbələrin xərclərini öz üzərinə götürəcək, onlara prezident təqaüdü veriləcək.

Neft Akademiyasında (əvvəlki adı Azərbaycan Neft-Kimya İnstitutu) tələbələrin elmi işlərinə dair konfransların keçirilməsinə 1951-ci ildən başlanılıb və ildə bir dəfə təşkil olunur.

Xəbər lenti

Xəbər lenti