...

Hüquq müdafiəçisi "Azadlıq" qəzetinin həbsdə olan baş redaktorunun zaminə buraxılması üçün prezidentə müraciət edəcək

Cəmiyyət Materials 14 Noyabr 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ İşgəncələr Əleyhinə Komitənin sədri "Azadlıq" qəzetinin həbsdə olan baş redaktorunun zaminə buraxılması və ya ev dustağı olunması üçün prezidentə və baş prokurora müraciət edəcək.

Komitə sədri Elçin Behbudov Trend ə bildirib ki, müraciətində Qənimət Zahidin tanınmış jurnalist olmasını, onun şəxsiyyətinin nəzərə alınmasını və barəsindəki həbs qərarının dəyişdirilməsini xahiş edəcək.

Behbudov şənbə günü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bayıldakı 1 saylı İstintaq Təcridxanasında vəkil Osman Kazımovun iştirakı ilə baş redaktor Qənimət Zahidlə görüşüb.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək, Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Zahidin vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti veriblər.

Baş redaktor saxlandığı müddətdə ona qarşı zorakılığa, insan ləyaqətini alçaldan kobud rəftara yol verilmədiyini, saxlanma şəraitindən, həmçinin, müəssisə əməkdaşlarının onunla rəftarından şikayətinin olmadığını bildirib.

Hüquq müdafiəçisi vəkil Kazımovun iştirakı ilə Zahidin başına və bədəninə baxış keçirdiyini və onun heç bir xəsarət almadığını bildirib.

Behbudovun sözlərinə görə, baş redaktor aşvğı ətraflarında oynaq ağrılarından və gözlərindəki problemdən şikayətlənib.

İnsan hüquqlarının müdafiəsini həyata keçirən beynəlxalq təşkilatlar Zahidin həbsini pisləyən bəyanatla çıxış edib və bunu Azərbaycanda söz azadlığına təzyiq kimi qiymətləndiriblər.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 8 jurnalist cəzalandırılıb. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar. Sonuncu həbs olunan jurnalist "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahiddir.

Zahidin qardaşı, "Azadlıq" qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit isə, ötən il satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayətində təqsirli bilinərək, 3 il müddətinə məhkum olunub.

Xəbər lenti

Xəbər lenti