...

Azərbaycanın 9 şəhər və rayonunun bütün məktəblərində mərkəzləşdirilmiş buraxılış imtahanları olacaq

Cəmiyyət Materials 16 Noyabr 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın 9 şəhər və rayonlarının bütün məktəblərində 11-ci sinif şagirdləri arasında mərkəzləşdirilmiş buraxılış imtahanlarına hazırlıqla bağlı sınaq yoxlama imtahanları keçiriləcək. Trend in məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov cümə günü orta məktəblərdə mərkəzləşdirilmiş test imtahanları ilə əlaqədar keçirdiyi müşavirədə açıqlama verib.

Bu il mərkəzləşdirilmiş test imtahanları Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı şəhərlərinin, İmişli, Ucar, İsmayıllı və Abşeron rayonlarının bütün məktəblərində keçiriləcək. Bu imtahanlar həmçinin həmin şəhər və rayonlarda olan qaçqın-köçkün məktəblərini və ali təhsil müəssisələrinin nəzdində olan liseyləri əhatə edəcək. Ümumilikdə imtahanlar üçün 90 məktəb seçilib.

Nazirin sözlərinə görə, bu il sınaq yoxlama imtahanlarının test tapşırıqları mətbəədə deyil, nazirlikdə qablaşdırılacaq. Bağlı suallar noyabrın 25-də sübh tezdən mikroavtobusla həmin şəhər və rayonlara göndəriləcək. Həmin gün imtahanlar başa çatdıqdan sonra yazılı nəticələr mikroavtobusla Bakıya gətiriləcək.

Mərkəzləşdirilmiş buraxılış imtahanları ilə bağlı üç sınaq imtahanları keçiriləcək, onun qiymətləri jurnala yazılacaq. I sınaq noyabrın 25-də, II - gələn ilin fevralında, III - apreldə olacaq, iyunda isə 11-ci sinif şagirdlərinin orta təhsil kursu üzrə buraxılış imtahanı keçiriləcək.

Nazir bilidrib ki, mərkəzləşdirilmiş buraxılış imtahanlarına bir sıra məktəb direktorları mane olmağa və gözdən salmağa çalışır: "Məktəb direktorları indi də bu imtahanlarla alver etməyə başlayıblar, rüşvət alaraq şagirdləri mərkəzləşmiş imtahanlarda iştiak etməməsi üçün başqa məktəblərə göndərirlər. Nazirliyin qərarlarına əməl etməyən direktorları məktəbin qapısından içəri buraxmaq olmaz" - deyən nazir əlavə edib ki, həmin direktorların vəzifəsindən azad olunmasına əmr verəcək.

Azərbaycanda mərkəzləşdirilmiş buraxılış imtahanları artıq iki ildir keçirilir.

Xəbər lenti

Xəbər lenti