...

Mənzillərində məcburi köçkünlər məskunlaşan vətəndaşların mülkiyyət hüquqlarının təmin olunmasının həlli yolları axtarılır -Ali Məhkəmənin sədri (video)

Cəmiyyət Materials 22 Noyabr 2007 12:07 (UTC +04:00)
Mənzillərində məcburi köçkünlər məskunlaşan vətəndaşların mülkiyyət hüquqlarının təmin olunmasının həlli yolları axtarılır -Ali Məhkəmənin sədri (video)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Ayrı-ayrı vətəndaşların mənzilllərində müvəqqətu məskunlaşan qaçqın və məcburi köçkünlərin sayı müəyyənləşdiriləcək və problemin həlli ilə bağlı müvafiq tədbirlər görüləcək. Ali Məhkəmənin sədri Ramiz Rzayev cümə axşamı jurnalistlərə müsahibəsində bildirib ki, Valentina Akimovanın işi üzrə Azərbaycana qarşı çıxarılan qərardan sonra mənzillərində müvəqqəti qaçqın və məcburi köçkünlər məskunlaşan vətəndaşların mülkiyyət hüquqlarının təmin olunmasının həlli yolları axtarılır.

Şikayətçi Akimova İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunda mülkiyyətin müdafiəsi (Maddə 1) hüququnun pozulduğunu iddia edirdi. Akimovaya məxsus mənzildə məcburi köçkün ailəsi məskunlaşdığı üçün o, mülkiyyətindən uzun müddətdir ki, istifadə edə bilməyib. Apellyasiya Məhkəməsi Akimovanın mülkiyyət hüququnu tanıyıb. Lakin Akimovanın evində məskunlaşmış məcburi köçkün ailəsinin həmin mənzildən çıxarılması barədə qərarın icrası Ağdam rayonu işğaldan azad olunanadək təxirə salınıb.

Ali Məhkəmə sədri bildirib ki, Avropa Məhkəməsinin Akimovanın işi ilə bağlı qəbul etdiyi qərara qədər Azərbaycan məhkəmələri bu məzmunda çoxsaylı qərarlar qəbul edib. Rzayevin sözlərinə görə, Avropa Məhkəməsinin Akimovanın işi ilə bağlı qəbul etdiyi qərar bundan öncə çıxarılan qərarlarda president kimi tətbiq oluna bilməz. "Qaçqınların, məcburi köçkünlərin vəziyyətini də başa düşmək lazımdı. Məhkəmələr vətəndaşların mülkiyyət hüquqlarını tanısa da, işgal olunmuş rayonlar azad olunanadək həmin qərarların icrası dayandırılmışdı. Qanunsa mülkiyyət hüququnun tərəfindədir. Biz bu məsələni də ümumiləşdirmişik və bununla bağlı məruzə hazırlanacaq, problemin həlli yollarını müəyyənləşdirəcəyik" - deyə Rzayev vurğulayıb.

Akimovanın şikayəti üzrə çıxarılan qərarın icrası məqsədilə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin 7 aprel 2005-ci il tarixli qərarını ləğv etməli və bundan sonra məcburi köçkün ailəsinin Akimovanın mənzilindən çıxarılması təmin olunmalıdır.

Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə Trend ə bildirib ki, artıq qərar çıxarılmış işlərə Azərbaycan qanunvericiliyində belə bir mexanizm olmadığı üçün Avropa Məhkəməsinin bu qərarı tətbiq oluna bilməz. "Əgər gələcəkdə Avropa Məhkəməsinə bu məzmunda şikayətlər göndərilərsə, Avropa Məhkəməsinin konkret şikayətlərlə bağlı çıxaracağı qərarlardan sonra baş vermiş pozuntuların aradan qaldırılması mümkündür" - deyə Əsgərov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti