...

Gələn ilin əvəlində mətbuata dövlət yardımı həyata keçiriləcək - Prezident Aparatı rəsmisi

Cəmiyyət Materials 28 Noyabr 2007 18:05 (UTC +04:00)
Gələn ilin əvəlində mətbuata dövlət yardımı həyata keçiriləcək - Prezident Aparatı rəsmisi

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Gələn ilin yanvar-fevral aylarında Azərbaycan mətbuatına dövlət tərəfindən yardım proqramı həyata keçiriləcək. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov məlumat verib.

Onun sözlərinə görə, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, reklam bazarının tənzimlənməsi ilə bağlı Prezident Aparatında Konsepsia şəklində sənəd hazırlanır. Sənəddə mətbu orqanlara yardım formaları əksini tapacaq. Hansı mətbu orqanlara yardımlar edilməsi, bunun üçün qəzetlərin hansı prinsiplərlə seçilməsi məsələləri də artıq həllini tapıb. Lakin Həsənov yardım proqramının hələ tam başa çatdırılmadığını əsas gətirərək, yardım formasının təfərrüatları və seçilmiş mətbu orqanların siyahısı barədə açıqlama verməyib.

Qeyd edək ki, Azərbaycanın müxalifət mətbu orqanları, onlara reklamların verilməməsindən şikayətlənirlər və bunu hakimiyyətin sifarişi kimi qiymətləndirirlər.

Prezident Aparatı rəsmisi isə, təkzib verərək bildirib ki, bu məsələdə siyasi səbəblər yoxdur: "Çünki iqtidaryönlü hesab olunan qəzetlərə də reklam verilmir. Ümumiyyətlə, biz hesab edirik ki, elektron KİV-lər kimi, yazılı mətbuata da reklam imkanları yaradılmalıdır. Ona görə də, hazırda Prezident Aparatında mətbuatın reklam problemlərinin səbəbləri araşdırılır və onun həlli yolları üçün təkliflər hazırlanır"-deyə Həsənov bildirib.

Onun sözlərinə görə, mətbuata yardım Konsepsiyasında mətbu orqanların reklamla təmin olunması məsələləri də əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti