...

Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktorunun cinayət işinin istintaqı yekunlaşıb

Cəmiyyət Materials 1 Dekabr 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru, politoloq Rövşən Novruzoğlunun barəsində cinayət işinin istintaqı yekunlaşıb.

Bakı Şəhər İcra hakimiyyətinin Baş Prokurorluğa təqdim etdiyi sənədlər əsasında, Novruzoğlu bu il iyulun 13-də saxlanıb və barəsində Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Məlumata görə, Novruzoğlu özünü Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və prokurorluğun əməkdaşı kimi təqdim edərək, dələduzluqla məşğul olub.

Novruzoğlunun vəkili Tofiq Allahverdiyev Trend ə bildirib ki, cinayət işinin materialları baxılmaq üçün gələn həftə məhkəməyə göndəriləcək.

Novruzoğluna Cinayət Məcəlləsinin hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma (320.1-ci ), bilə-bilə saxta sənədlərdən istifadə etmə (320.2-ci), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (310-cu) maddələrilə ittiham elan olunub.

Onun barəsindəki cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi aparır.

Novruzoğlu ölkədə daha çox iqtidarın mövqeyini müdafiə edən politoloq kimi tanınıb. O, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. Rəsmi versiyaya görə, politoloq korrupsiyaya qarşı mübarizə idarəsi adından istifadə edərək, Bakı şəhərində torpaq sahələri alıb.

Xəbər lenti

Xəbər lenti