...

Hakim partiyadan olan deputatlar Azərbaycanda mətbuata təzyiq olmadığını deyirlər

Cəmiyyət Materials 7 Dekabr 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentində çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar hesab edirlər ki, ölkədə söz və mətbuat azadlığının təmin olunması sahəsində heç bir problem yoxdur: "Azərbaycanda peşəkar fəaliyyətinə görə həbs edilən jurnalist yoxdur" - deyə Parlamentin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov bildirib. "Jurnalistlər öz problemlərini məhkəmə yolu ilə həll edə bilərlər" - Əsədov deyib.

Azərbaycanda hazırda 10 jurnalist həbsdədir. Onların əksəriyyəti dövlət rəsmilərinin müraciəti əsasında məhkəmə tərəfindən böhtan və təhqirdə təqsirli bilinərək həbs olunublar.

Hakim partiyanın Siyasi Şurasının üzvü, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığının inkişafı üçün dövlətin siyasi iradəsi və bunun hüquqi bazası mövcuddur. "Minlərlə qəzet və jurnal müstəqil şəkildə çap olunur. Jurnalistlər nə istəyirlər, yazırlar. Kim kimi istəyir, təhqir edir, söyür, böhtan atır. Bundan da artıq azadlıq istəyirsiz?" - deyə Əsgərov əlavə edib.

Birinci vitse-spiker Avropa İttifaqına üzv olan ölkələri Azərbaycanın Cinayət Məcəlləsindən böhtan və təhqirə görə maddəni çıxartmağa cəhd göstərməkdə ittiham edib.

Hakim partiyanın icra katibi, deputat Əli Əhmədov isə bildirib ki, müxalifət insanları təhqir edən jurnalistlərə ikili standartlarla yanaşma tələb edir. Onun fikrincə, bu yolverilməzdir: "İsanları qəsdən təhqir edirlər və buna görə cəzanı siyasi şouya çevirirlər" - Əhmədov deyib.

Hakim partiyanın Naxçıvandan seçilmiş deputatı, akademik İsa Həbibbəyli isə bildirib ki, Naxçıvanda jurnalistlərə qarşı heç bir təzyiq yoxdur. O iddia edir ki, Naxçıvanda jurnalist adından istifadə edib, cinayət törədənlərə qarşı mübarizə aparılır. Deputat həbsdə olan "Azadlıq" radiosunun Naxçıvan müxbirinin şəhər rəhbərliyi tərəfindən aparılan abadlıq işlərinə qanunsuz müdaxilə etməkdə, polisə qarşı zorakılıq tətbiq etməkdə ittiham edildiyini bildirib. "Onun həbsində söz və mətbuat azadlığının elementi yoxdur" - deyə deputat əlavə edib.

Dünən Naxçıvan şəhər məhkəməsi "Azadlıq" radiosunun müxbiri İlqar Nəsibov barədə üç aylıq həbs-qətimkan tədbiri seçib. Nəsibova qarşı Naxçıvan şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzov xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Jurnalist Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə böhtan atmaqda təqsirli bilinib. Həbibbəylinin fikrincə, belə halların qarşısını almaq üçün KİV haqqında qanuna dəyişiklik edilməlidir.

Xəbər lenti

Xəbər lenti