...

Müəyyən dini ədəbiyyatların Azərbaycana idxalına qadağa qoyulub (video)

Cəmiyyət Materials 7 Dekabr 2007 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Dini sabitliyi poza biləcək, təriqətlərarası dini münasibətləri gərginləşdirməyə xidmət edən dini ədəbiyyatların ölkəyə idxalı, onların yayılması və nəşrinə qadağa qoyulub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov cümə günü jurnalistlərə açıqlamasında bildirib ki, bu siyasət bundan sonra da davam etdiriləcək.

Noyabrın sonlarında Beynəlxalq Tolerantlıq günü ilə bağlı keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxışında bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin idxalına qadağa qoyduğu dini ədəbiyyatlar arasında şiə təriqətini təbliğ edən və heç bir dini ədavət yaratmayan kitablar da var. İdarə sədri bu siyahıya yenidən baxılmasını vacib sayıb.

Orucov bu fikirlərin həm şiə, həm də sünni təriqətlərinə məxsus bəzi şəxslər tərəfindən söylənildiyini vurğulayıb. "Şiə təriqətinin nümayəndələri deyir şiə ədəbiyyatının ölkəyə idxalına qadağa qoyulub, sünni təriqətinin nümayəndələri isə iddia edir ki, onların təriqətini təbliğ edən ədəbiyyatların idxalına məhdudiyyətlər var, bu ədəbiyyatlar sıxışdırılır" - deyə Orucov bildirib.

Komitə sədri qeyd edib ki, ölkəyə idxalına icazə verilməyən dini ədəbiyyatlar arasında şiə və sünni təriqətlərinə məxsus ədəbiyyatların sayı təqribən eynidir.

Xəbər lenti

Xəbər lenti