...

Ali Məhkəməyə il ərzində daxil olan şikayətlərin əksəriyyəti mənzildən istifadə hüququnun itirilməsi ilə bağlıdır

Cəmiyyət Materials 24 Dekabr 2007 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ali Məhkəməyə daxil olan şikayətlərin böyük əksəriyyəti mənzildən çıxarılma və mənzildən istifadə hüququnun itirilməsi ilə bağlıdır.

Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının üzvü Əsəd Mirzəyev Trend ə bildirib ki, qeyd olunan mübahisələrlə bağlı aşağı məhkəmə instansiyaları mülki qanunvericiliyin normalarını düzgün tətbiq etmirlər.

Mənzildən istifadə sahəsində yaranan münasibətlər 2000-ci il sentyabrın 1-dən sonra Mülki Məcəllənin 228-ci, bu vaxta qədər olan münasibətlər isə Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənir.

Mirzəyev mənzildən istifadə hüququnun pozulması ilə bağlı mübahisələrin artmasının səbəbini qanunvericilikdəki boşluqla əlaqələndirib.

Onun sölərinə görə, yeni Mülki Məcəllənin 228-ci maddəsi mülkiyyətçi, onun ailə üzvləri və digər şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu tənzimləyir.

Ali Məhkəmənin hakimi bildirib ki, həmin maddə mülkiyyətçi ilə onun ailə üzvlərinin və digər mənzil istifadəçisinin notariat qaydasında təsdiq edilmiş yazılı razılaşmanın olmasını nəzərdə tutur.

Mirzəyev qeyd edib ki, bu cür münasibətlərdə təcrübədə heç bir vaxt mülkiyyətçi ilə ailə üzvləri və ya mənzilin digər istifadəçiləri arasında nəinki notariat qaydasında təsdiqlənmiş, heç sadə yazılı formada belə razılaşma qaydasına da əməl olunmur. "Bəziləri hesab edir ki, bu mentalitetimizə uyğun deyil. Təsəvvür edin ki, ər evinə köçməyə hazırlaşan gəlin qayınatasına ismarıc göndərir ki, onlar gəlinin evdə yaşamaq hüququnu tanımaq üçün notariusa getməli və qayınata yazılı razılığını bildirməlidir. Bəzən, mülkiyyətçinin yazılı olmasa da razılığı ilə uzun müddət - 4-5 il mülkiyyətçi ilə birgə yaşayan, onunla birgə təsərrüfat aparan ailə üzvü ilə ailə-məişət zəminində yaranan mübahisə mənzil mübahisəsinə gətirib çıxarır. Elə bu zaman yaşayış sahəsinin mülkiyyətçisinin digər ailə üzvünün yaşamasına və mənzildən istifadə hüququna notariat qaydasında təsdiq edilmiş yazılı razılığı olmadığı meydana çıxır" - deyə Ali Məhkəmənin hakimi vurğulayıb.

Mirzəyevin sözlərinə görə, Ali Məhkəməyə mülki mübahisələrlə bağlı daxil olan şikayətlərin 30 faizini mənzildən istifadə hüququ ilə bağlı şikayətlər təşkil edir.

Ali Məhkəmənin hakimi bildirib ki, qanunvericilikdəki boşluğun aradan qaldırılması üçün gələcəkdə Mülki Məcəllənin 228-ci maddəsinə müqavilənin bağlanması ilə bağlı dəyişiklik edilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti