Azərbaycan, Bakı, 8 yanvar /müx. TrendLife Şahin Cavadsoy
Fasilərələ yağan qar, deyəsən, şou-əhlini əməllicə həvəsə gətirib. Biri qara pul mənbəyi kimi baxsa da digəri - daha dəqiqi müğənni Kərim, şəkil çəkdirib yaradıcılıqda yeni nailiyyətə imza atmağa çalışır: "Onsuz da TrendLife-da həmişə özəl çəkilən şəkillərim pərəstişkarlarıma təqdim olunur. Bu şəkillərim isə, bir başqa xarakter daşıyır. Eksklüziv olaraq deyirəm ki, fotosessiyamdan seçilimiş şəkillər, ilk albomun üz qabığını bəzəyəcək. Bilmirəm nədəndir, amma istəyirəm ki, dinləyicilərə təqdim edəcəyim ilk diskimi, məhz qarda çəkilən fotolar bəzəsin".
Birinci albomunun "Sorma" adlanacağını da məxsusi olaraq bizə söyləyən Kərim, eyniadlı mahnının digər uğurundan da bizləri xəbərdar etdi: "Əməkdar incəsənət xadimi Gövhər Həsənzadənin bəstəsi olan "Sorma" mahnısı, qardaş Türkiyənin iki müğənnisi tərəfindən ifa edilib. Kan adlı müğənninin ifası ürəyimcə olmasa da, Türk musiqisinin kraliçası Zerrin Özerin bu mahnını oxuması məni olduqca məmnun etdi. Gövhər xanımla gələn ay İstanbula yollanacağıq. Çox güman ki, yaxın gələcəkdə bu mahnını Zerrin xanımla bir yerdə duet kimi də oxuyacağıq. Söz verirəm, eksklüziv xəbər ilk olaraq sizin sayt vasitəsilə pərəstişkarlarıma çatdırılacaq".