...

Azərbaycanın KİV rəhbərləri rusdilli mətbuatın durumunu müzakirə ediblər

Cəmiyyət Materials 15 Yanvar 2008 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı 15 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanda çap olunan və yayımlanan rusdilli KİV-in bağlanması barədə heç bir rəsmi qərar və bəyanat yoxdur və rusdilli nəşrlərin qapadılması mənasız təklifdir. Trend in məlumatına görə, bu fikirlər Azərbaycanın rusdilli KİV rəhbərlərinin çərşənbə axşamı keçirdiyi mətbuat konfransında səsləndirilib.

"Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, rusdilli nəşrlərin bağlanması üçün heç bir hüquqi mexanizm və buna səlahiyətli olan hər hansı bir qurum yoxdur. Şıxlı əlavə edib ki, Azərbaycanda bütün qəzetlərin illik gəliri 2 mln. dollardan çox deyil və bu məbləğin 1/ 4 hissəsi (dörddə-biri) "Zerkalo", eyni həcmdə hissəsi də "Exo" qəzetinin payına düşür. Şıxlının fikrincə, rusdilli qəzetlərin bağlanmasını istəyən bəzi azərbaycandilli qəzetlərin bu təklifi onların reklam bazarını qazanmaq istəyi ilə bağlı ola bilər. "Lakin, hər qəzetin öz oxucusu var. Azərbaycanda rus dilində danışan, oxuyan, düşünən kifayət qədər insan var. Ona görə də, rusdilli nəşrlərin bağlanmasını istəyən adamları mən başa düşə bilmirəm", - deyən Şıxlı onu da əlavə edib ki, rusdilli nəşrlərin bağlanması təklifini siyasiləşdirmək lazım deyil.

Trend İnformasiya Agentliyinin Baş direktoru İlgar Hüseynov bildirib ki, bu problemin Agentliyə aidiyyatı yoxdur, çünki Agentlik məhsullarını üç dildə yayımlayır. Bundan əlavə, Agentlik hazırda digər əcnəbi dillərdə də yayımlanmağa hazırlaşır. Hüseynov bildirib ki,İnformasiya Agentliyinin fəaliyyətində özünəməxsus xususiyyətlər var və müharibə şəraitində olan Azərbaycanın həqiqətlərini, həmçinin,ölkənin bugünkü inkişafını, uğurlarını bütün dünyaya, daha geniş auditoriyaya bir neçə dildə çatdırmaq çox vacibdir.

"Day. az" İnformasiya saytının rəhbəri Elnur Baimov isə, bildirib ki, KİV həm də biznes strukturudur və buna görə onları bağlamaq olmaz. Həmçinin, ölkədə tolerantlığı saxlamaq, həmçinin, Qarabağdakı erməni icmasının bundan Azərbaycan əleyhinə istifadə etməməsi üçün rusdilli KİV- in fəaliyyəti dayandırılmamalıdır.

Baimovun sözlərinə görə, azərbaycandilli nəşrlər rusdilli nəşrlərlə rəqabət aparmaq üçün öz peşakarlıqlarını artırmalıdırlar.

Xəbər lenti

Xəbər lenti