Azərbaycan, Bakı, 17 yanvar / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın hakimliyə namizədlərinin siyahısını ikinci dəfə geri qaytarıb
Bu barədə cümə axşamı Trend ə eksklüziv açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
AŞPA Azərbaycan hökuməti tərəfindən Avropa Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülən 3 nəfərin daxil olduğu ilk siyahını namizədlər hakimlər üçün nəzərdə tutulan tələblərə cavab vermədiyinə görə geri qaytarmışdı.
Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev, Əzizbəyov rayon məhkəməsinin hakimi Rəşad Həsənov və Nəsimi rayon məhkəməsinin hakimi Aygün Abdullayevanın daxil olduğu ikinci siyahı AŞPA-nın İnsan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi üzrə Alt Komitəsinin dekabrın 17-də Parisdə keçirilən iclasında qəbul edilməyib.
Seyidov bildirib ki, siyahı geri qaytarıldığından, Azərbaycanı təmsil edəcək hakimin seçilməsi məsələsi AŞPA-nın qış sessiyasının gündəliyinə salınmayıb.
Nümayəndə heyətinin rəhbəri siyahının geri qaytarılmasını Azərbaycanla AŞ arasındakı hansısa prinsipial problemin olması ilə əlaqələndirməyi düzgün hesab etmir. "Siyahının geri qaytarılması məsələnin texniki cəhətdən təşkil olunması ilə bağlıdır. AŞPA-nın təcrübəsində müxtəlif məsələlərlə bağlı məruzələrin 4-5 dəfə geri qaytarılması halları olub. Azərbaycan bu sırada ilk ölkə deyil" - deyə Seyidov vurğulayıb.
Seyidovun sözlərinə görə, ola bilsin ki, hakimliyə namizədlərin xarakteristikasının standartlara uyğun gəlməməsi ilə bağlıdır və ya hansısa məsələ Alt Komitəni qane etməyib. "Alt Komitə hakimliyə namizədlərin sənədlərinin hazırlanmasında və təqdim olunmasında texniki cəhətdən hansısa dəyişikliklərə israrlıdır və bu məsələ həll olunmalıdır" - deyə Seyidov vurğulayıb.
Seyidov Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimin seçilməsi məsələsinin bu ilin martınadək həll olunacağını bildirib.
"Martda Azərbaycanı Avropa Məhkəməsində təmsil edən hakimin səlahiyyət müddəti başa çatır. Ona görə də martadək yeni hakim seçilməlidir" - deyə o qeyd edib.
İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarına görə, hakimlər yüksək mənəvi keyfiyyətlərə malik olmalı və yüksək məhkəmə vəzifələrinə təyin olunarkən qoyulan tələblərə cavab verməli və ya tanınmış nüfuzlu hüquqşünaslar olmalıdırlar.
Hakimlər Avropa Şurasına üzv dövlətlərintəqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir. Avropa Məhkəməsinin hakimləri 6 il müddətinə seçilirlər. İlk dəfə seçilən hakimlərdə isə bu müddət aşağı olur. Hakimlər 70 yaşa çatdıqda onların səlahiyyət müddəti bitir.