...

Əməkdar artist Səidə Quliyeva: "Ailəni sənətə qurban vermək ağılsızlıqdır"

Cəmiyyət Materials 25 Yanvar 2008 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Səidə Quliyeva Azərbaycan səhnəsində öz sözünü demiş aktrisalardandır. Bir-birindən fərqli rollar oynamış aktrisanın yaradıcılıq fəaliyətinə başlamasından 30 il ötür. Beləliklə, TrendLife-ın budəfəki müsahibi Azərbaycan Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Səidə Quliyevadır.

-Səidə xanım, bu il sizin səhnə fəaliyyətinizin 30 ili tamam olur. Bu, az zaman deyil. Otuz illik yaradıcılıq dövründə qazandıqlarınız və itirdikləriniz nə olub?

-Düz söylədiniz. Bu il sentyabrın 1-də səhnə fəaliyyətimin 30 ili tamam olacaq. Mən tanınmış aktyor Nurəddin Mehdixanlı ilə bir gündə teatra gəlmişəm. Çox xoşbəxtəm. Bilirsiniz niyə? Bu otuz ildə tamaşaçı məhəbbəti, tamaşaçı hörməti, müxtəlif rollar qazanmışam. Bəzilərinin ürəklərində balaca da olsa, yer tapmışam. İtirdiklərim sözünü isə heç sevmirəm. Çünki mən bu teatra qazanc arxasınca gəlməmişəm. Qazandıqlarım, itirdiklərimdən qat-qat çoxdur.

-Əksər hallarda görürük ki, aktrisaların qurduğu ailələr uzunmüddətli olmur. Ola bilərdimi ki, siz ailənizi sənətə qurban verəsiniz?

-Heç vaxt. Mən heç cürə bununla razılaşa bilmirəm. Bilirsiniz, insan necə uşağını atasız qoya bilər? Ailəni sənətə qurban vermək məncə ağılsızlıqdır. Açıq deyim ki, mən yoldaşımla ailə qurmamışdan əvvəl hər şeyi həll edib, sonra evlənmişik. Həmişə bu fikri söyləyirəm ki, ailə bağlı bir kitabdır. Ailəyə daxil olmaq istəyirsənsə, kitabın hər bir səhifəsini sətir-sətir oxumalısan. Mən sənətçi ailəsində gəlinəm. Qayınanam Konservatoriyanın professoru Elmira Quliyevadır. Yoldaşım isə AzTV-də 25 ildir ki, səs rejissoru işləyir. Fərhad adında on iki yaşında oğlum var. Allah hamının balasını saxlasın.

-Ötən illər üçün darıxmamısınız?

-Mən çox realist adamam. Həyata bir az başqa gözlə baxıram. Yaxşı günlərimi xatırlayanda, mənə müsbət təsir bağışlayır. Lakin insan pis günlərdən də təcrid deyil. Əzizlərimi itirmişəm. Realist olduğum üçün heç nəyə heyfslənmirəm. Heç vaxt keçmişimlə yaşamıram. Keçmişimə ötən səhifə kimi baxıram.

-Kimlərlə tərəf müqabili olduğunuza görə sevinirsiniz?

-Mənim gözəl tərəf müqabillərim olub, indi də var. Çox böyük sənətkarlarla - Səməndər Rzayev, Fuad Poladov, Rafael Dadaşov, Cahangir Novruzov, Yaşar Nuri, Siyavuş Aslanla tərəf müqabili olmuşam. Bilirsiniz, otuz il az vaxt deyil. Amma daxilən özümü çox gənc hiss edirəm.

-Oynadığınız hansı rol sizin üçün lap çox əzizdir və arzusunda olduğunuz rol varmı?

-Oynadığım rolların hamısı mənə əzizdir. Çünki biz tamaşanı ərsiyəyə gətirənə kimi o qədər əziyyət çəkirik. Artıq bu, tamaşaçı tərəfindən müsbət qarşılananda, həmin rol insana doğmalaşır. Həmişə primyeraları bayrama bənzədirəm. Çox vaxt deyirlər ki, rollar aktyorun övladlarıdır. Mən bu fikirlə tam razıyam. O ki, qaldı oynamaq istədiyim rollara, çoxdur. Sadəcə, həmin rolları oynamaq üçün bir az gecdir.

-Aktrisaların müğənnilik etməsinə necə baxırsınız?

-Aktirsaların müğənnilik etməsi və ya əksinə, bu dünya miqyasında normal qarşılanır. Amma doğrudan da gözəl səsi olsun, tamaşaçı onu sevsin, qəbul eləsin. Bilirsiniz şou-biznes sözü əslində çox yaxşı sözdür. Sadəcə, indi o sözü adiləşdiriblər. İndi nəinki aktrisalar, hətta müğənnilər də xaric oxuyurlar. Hələ onların səslərini kompüterlə düzəldirdər, loru dillə desək rəndələyirlər. İnsan bir az təvəzökar olmalıdır. Mən də çox tamaşalarda oxumuşam. Bu o demək deyil ki, müğənnillik etməliyəm. Axı mən aktrisayam, müğənni deyiləm.

- Bundan sonra kinoda, yoxsa tamaşalarda rol almaq istərdiniz?

-Aydın məsələdir ki, mən ilk gündən teatr aktrisasıyam. Amma əlbəttə ki, kinolarda da rol almaq istərdim. Çünki televiziyanın auditoriyası çox genişdir. Ən böyük arzum isə Vaqif Mustafayev bir film götürsün, mən də həmin filmdə rol alım. Çünki mən tənbəl aktrisa deyiləm.

-İndiki tamaşaların, rejissor işinin, dramaturgiyanın səviyyəsi peşəkar aktrisa Səidə Quliyevanı qane edirmi?

-Deməzdim ki, tam qane etmir. Bilirsiniz, mən indiki gənclərdə fanatizmi görmürəm. Biz o vaxtlar teatrın fanatları idik. Amma istedadlı gənclərimiz də var. Hər şeyi gənclərin boynuna da atmaq olmaz. Onlara şərait yaratmaq lazımdır. Sevindirici haldır ki, istedadlı dramuturqlardan da təcrid deyilik. Bu gün gənc rejissor Bəhram Osmanovun "Uçqun" pyesinə müraciət etməsi, teatra çox böyük uğur gətirib. Bu tamaşanın primyerasında Türkiyədən 70 nəfər nümayəndə heyəti iştirak edirdi. Həqiqətən də tamaşanı uğurlu hesab etmək olar. Son illərdə teatrda belə tamaşa olmamışdır. Məncə, daha çox klassik əsərlərə müraciət olunmalıdır.

-Bəzi aktrisalar gündəmdə qalmaq üçün müxtəlif yollara əl atırlar. Məsələn, şou-proqramlarda, əyləncəli verilişlərdə iştiraka çalışırlar. Bunun hesabında da qısa zaman ərzində fəxri adlarla təltif olunurlar.

- İnanın mən, onların yerinə xəcalət çəkirəm. Bu sualı həmin aktrisalara versəniz, daha yaxşı olar. Onların cavabı mənim özüm üçün də çox maraqlıdır. Mən heç vaxt fəxri adlara görə kiminsə qapısını döyməmişəm. Çünki məni tanıyan sənətimə, yaradıcılığıma bələddir.

-Ötən il mətbuata müsahibələrinizin birində aktyor və aktrisaların maddi durumunun aşağı olmasından narazılıq etmişdiniz. İndi vəziyyət necədir?

-Çox aşağı səviyyədədir. Bu gün bizim gənc aktyorlar və aktrisalar məcbur olub, seriallara çəkilirlər. Pul qazanmaq xətrinə hansısa layihələri reallaşdırırlar. Məcburiyyət qarşısında qalıb, bunu edirlər. Düzdür, bizim də ehtiyacımız olub, lakin biz getməmişik. Şikayət etmək mənə yaraşmaz. Amma söhbət tək məndən getmir. Söhbət böyük bir teatr kollektivindən gedir. Şükürlər olsun ki, müəyyən aktyorlara prezident təqaüdü verilir. Onların siyahısında mən də varam.

-Adətən müsahibələrin sonunda belə bir sual verilir: qarşıda hansı planlarınız var?

-Hazırda AzTV-də dublyaj işi ilə məşğulam. Artıq dörd ildir, mən bazar günləri "Bulaq" verilişinin aparıcısıyam. Yeni tamaşalar üzərində çalışıram.

Xəbər lenti

Xəbər lenti