...

Azərbaycanda uşaq evləri ailələrə yardım mərkəzinə çevriləcək

Cəmiyyət Materials 6 Fevral 2008 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanda mövcud uşaq evlərinin forması dəyişdirilərək ailələrə yardım mərkəzinə çevriləcək. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

Azərbaycan prezidentinin 2006-cı il 29 mart tarixli fərmanı ilə "2006-2011-ci illərdə uşaqların ailələrə verilməsi və alternativ qayğıya dair dövlət proqramı" qəbul edilib. Başqa adla deinstitutlaşdırma proqramı adlanan bu sənəd 2015-ci ilə qədər Azərbaycanda uşaq müəssisələrinin maksimum azaldılmasını, valideyndən məhrum uşaqların alternativ qayğı ilə təmin olunması, onların ailələrə verilməsini nəzərdə tutur.

Hüseynova bildirib ki, bu proqrama görə, uşaq evləri ləğv olunmalı və başqa xarakter almalıdır: "Bu müəssisələr hazır strukturlardır, onları birdən -birə ləğv etmək çətindir. Amma uşaq evlərinin formasını dəyişmək mümkündür. Dünyada uşaqların ailələrə verilməsi təcrübəsi var. Azərbaycanda atılmış uşaqların əksəriyyətinin valideynləri var, yaşayırlar. Ona görə də uşaq evlərinin ailələrə yardım, alternativ qayğı mərkəzinə çevrilməsi nəzərdə tutulur"-deyə Hüseynova bildirib.

Komitə sədrinin sözlərinə görə, belə olarsa, uşaqlarından imtina etmiş valideynlər uşaqlarını geri qaytarmağı özləri istəyəcəklər. Çünki alternativ qayğı müəssisələrində yaşayan uşaqlar artıq öz valideynləri üçün ağır yük olmayacaqlar.

"Uşaq evlərinin forması dəyişilərsə, atılmış uşaqlarını sayı xeyli azalacaq"-deyə Dövlət Komitəsinin sədri bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend ə verilən məlumata görə, Azərbaycanda uşaq sanatoriyaları istisna olmaqla, 65 uşaq müəssisəsi (internat evləri, körpələr evi, uşaq evləri) var. Bu müəssisələrdə yaşayan uşaqların hamısı valideyn himayəsindən məhrumdur, lakin onların 70 faizinin valideynləri var. Ümumilikdə 65 uşaq müəssisəsində 21 min valideyndən məhrum uşaq var.

Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda uşaqların atılmasının əsas üç səbəbi müəyyən edilib - əlillik, ailələrin dağılması və yoxsulluq.

Xəbər lenti

Xəbər lenti