...

Bakının rayon məhkəməsinin hakimi korrupsiya hüquqpozmasına yol verdiyi üçün səlahiyyətinə xitam verilib (yenilənib)

Cəmiyyət Materials 20 Fevral 2008 11:44 (UTC +04:00)
Bakının rayon məhkəməsinin hakimi korrupsiya hüquqpozmasına yol verdiyi üçün səlahiyyətinə xitam verilib (yenilənib)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Suraxanı rayon məhkəməsinin hakiminin səlahiyyətinə vaxtindan əvvəl xitam verilib.

Məhkəmə-Hüquq Şurasının qərarı ilə Lətif Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib.

Məlumatlı mənbə Trend ə bildirib ki, Nəbiyevin hakimliyinə vaxtindan əvvəl xitam verilməsinə səbəb onun icraatında olan mülki mübahisəni öz maraqları baxımından həll etməsi olub.

Belə ki, Nəbiyev kooperativ tikinti şirkətlərindən biri ilə vətəndaş arasında mülki mübahisəyə baxarkən ailə üzvlərindən birinə tikinti şirkətindən ucuz qiymətə mənzil alaraq mübahisəni həmin tərəfin xeyrinə həll edib.

Bu halın Nəbiyev barəsində cinayət məsuliyyətinin yaranmasına əsas olub-olmadığı barədə ekspertlər bildirir ki, korrupsiya faktı cinayət əməlidir və bu fakt məhkəmənin hökmü ilə təsdiqini tapmalıdır. Hüquqşünas İntiqam Əliyev bildirib ki, bu barədə məhkəmənin hökmü olarsa, Məhkəmə-Hüquq Şurası hakimin səlahiyyətinə vaxtindan əvvəl xitam verməlidir.

Hüquqşunas Rəşid Hacılı bildirib ki, hər korrupsiya faktı cinayət kimi qiymətləndirilə bilməz və cinayət məsuliyyəti yaratmır. "Məhkəmə-Hüquq Şurasının qərarında hakimin hərəkətinin "statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə" əsası ilə qiymətləndirilməsi başa düşülən deyil. Bu kifayət qədər ciddi əsasdır və pozuntu təsdiq olunmalıdır" - deyə Hacılı vurğulayıb.

Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 75 hakim barəsində intizam icraatı başlanıb. İndiyədək 50 hakim intizam məsuliyyətinə cəlb olunub,onlar barəsində müxtəlif intizam tədbiri görülüb. Üç hakimin səlahiyyətinə isə vaxtından əvvəl xitam verilib. Nəbiyev bundan öncə Apellyasiya Məhkəməsinin hakimi olub. Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyəti qiymətləndiriləndən sonra Suraxanı rayon məhkəməsinə hakim təyin edilib.

Məhkəmə-Hüquq Şurasının 2007-ci il 28 iyul tarixli qərarı ilə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar 30 hakim hakimliyə tövsiyə olunmayıb.

Xəbər lenti

Xəbər lenti