...

AŞPA Bürosu bu gün Azərbaycanda siyasi məhbus problemini müzakirə edəcək

Cəmiyyət Materials 13 Mart 2008 01:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart/ Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun cümə axşamı Parisdə keçiriləcək iclasında Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması məsələsi müzakirə olunacaq. Bu barədə Avropa Şurası Katibliyindən məlumat verilib.

AŞPA Monitorinq Komitəsinin yanvarın 24-də Strasburqda keçirilən iclasında Azərbaycanda siyasi məhbus probleminin qurumun qış sessiyası zamanı müzakirə olunmaması və həmməruzəçilərin Bakıya səfərindən sonra məsələyə baxılması haqda qərar qəbul olunub.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova fevralın 4-dən 8-dək Bakıda səfərdə olublar. Həmməruzəçilər Azərbaycanda siyasi məhbus problemini araşdırıblar və məsələnin həlli üçün hansı irəliləyişlərin olduğunu qiymətləndiriblər. Həmməruzəçilərin səfərinin yekunlarına dair hesabat martın 18-də Parisdə Monitorinq Komitəsinin iclasında açıqlanacaq.

Azərbaycan 2001-ci il yanvarın 7-də Avropa Şurasına tam hüquqlu üzv olub və öz üzərinə siyasi məhbus probleminin həll olunması ilə bağlı öhdəlik götürüb. 2001-2005-ci illərdə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi fəaliyyət göstərib.

Azərbaycanın hüquq müdafiəçiləri AŞPA-nın siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etməsini vacib hesab edirlər. Hakimiyyət isə, bunun əleyhinədir.

AŞPA Bürosunun iclasında Azərbaycanı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti