...

Mətbuat Şurası Qənimət Zahidlə bağlı Əfv Komissiyasına müraciət edib

Cəmiyyət Materials 13 Mart 2008 15:54 (UTC +04:00)
Mətbuat Şurası Qənimət Zahidlə bağlı Əfv Komissiyasına müraciət edib

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurası "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin azadlığa buraxılması üçün cümə axşamı Prezident yanında Əfv Komissiyasına müraciət ünvanlayıb. Bu barədə Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Müraciətdə Zahidin Azərbaycanda mütəmadi nəşr olunan qəzetin baş redaktoru, jurnalist olması, öhdəliyində 4 uşağın olduğu xüsusi vurğulanır. İnsanların əfvi kimi mütərəqqi addımın ona da şamil edilməsi xahiş olunur.

Müraciətdə bildirilir ki, Mətbuat Şurası ötən ilin dekabrında həbsdəki digər jurnalistlər - Eynulla Fətullayev və Mirzə Sakitlə də bağlı Əfv Komissiyasına müraciət edib. Onların da əfvi məsələsinə baxılması xahiş olunur.

"Biz hər üç jurnalistin azadlığa buraxılmasını istərdik" - deyə Amaşov bildirib.

Zahid ötən ilin noyabrında xuliqanlıqda, bədənə az xəsarət yetirməkdə təqsirli bilinərək saxlanılıb, bu il martın 7-də Bakının Yasamal rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor özünü təqsirli bilmir və həbs qərarından apellyasiya şikayəti hazırlanır.

Mətbubat Şurası Zahidin işinə ədalətli baxılması xahişi ilə iki gün əvvəl Apellyasiya Məhkəməsinə də müraciət edib.

Xəbər lenti

Xəbər lenti