...

"Jurnalistlərin aclıq aksiyası məqsədə çatmaq üçün son vasitə deyil"- Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 29 Mart 2008 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Mətubat Şurasının sədri Əflatun Amaşov hesab edir ki, jurnalistlərin aclıq aksiyası keçirməsi məqsədə çatmaq üçün son vasitə deyil.

"Aclıq keçirməyin arxasında insan taleyi dayanır, ona görə buna çox ciddi yanaşmaq lazımdır" -deyə Amaşov Trend a açıqlamasında bildirib.

8 il müddətinə azadlıqdan məhrum edilmiş, 12 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev martın 26 -dan aclığa başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa çıxmasını tələb edir, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.

Fətullayevə dəstək məqsədilə, "Yeni Müsavat" qəzetinin redaksiyasında "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu, "Yeni Müsavat" qəzetinin redaktoru Zahid Səfəroğlu və qəzetin əməkdaşı Elşən Balaxanlı üç gündür ki, açılıq aksiyası keçirirlər.

Bu gün Mətbuat Şurasının sədri "Yeni Müsavat" qəzeti redaksiyasında aclıq keçirən jurnalistlərə baş çəkib.

Amaşov bildirib ki, Mətubat Şurası həbsdəki jurnalistlərin taleyinə biganə qalmır və ən son jurnalist azadlığa buraxılanadək səylərini davam etdirəcək: "Mən jurnalistlərin hər bir aksiyasına, o cümlədən aclıq etmək qərarına hörmətlə yanaşıram. Amma, eyni zamanda, hesab edirəm ki, aclıq aksiyası heç də məqsədə çatmaq üçün son vasitə deyil. Aclıq edənlər məqsədinə çatmadığı halda, ölüm ayağına düşərsə, bu, şüurlu şəkildə özünə qəsd etmək deməkdir"-deyə Amaşov bildirib.

Hazırda Azərbaycanda üç nəfər jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti