Azərbaycan, Bakı, 30 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda mətbuat nümayəndələrinin həbsinə etiraz olaraq aclıq aksiyası keçirən beş nəfərdən biri aksiyanı dayandırıb. "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə dəstək məqsədilə aclıq aksiyasına qoşulmuş Azərbaycan Demokratik Gənclər Hərəkatının sədri Ağasif Şakiroğlu aclığı dayandırıb", -deyə bazar günü Trend a açıqlamasında "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu bildirib.
12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan"qəzetlərinin baş redaktoru Eynulla Fətullayev martın 26 - dan həbsdə aclığa başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa çıxmasını tələb edir, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.
Fətullayevə dəstək məqsədilə "Yeni Müsavat" qəzetinin redaksiyasında "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu, "Yeni Müsavat" qəzetinin redaktoru Zahid Səfəroğlu və qəzetin əməkdaşı Elşən Balaxanlı, "Bizim yol" qəzetinin əməkdaşı Natiq Cavadlı, Demokratik Gənclər Hərəkatının sədri Ağasif Şakiroğlu dörd gündür ki, açılıq aksiya keçirirlər.
Şef-redaktorun sözlərinə görə, Şakiroğlunun orta məktəbdə oxuduğu bəlli olduqdan sonra, aksiya iştirakçıları ondan aclığı dayandırmağı tələb ediblər. Həm bu səbəbdən, həm də onun qan təzyiqi kəskin aşağı düşdüyündən, Demokratik Gənclər Hərəkatının sədri martın 30-da aclığı dayandırıb: "Biz elə bilirdik ki, Şakiroğlu ali məktəb tələbəsidir. Onun orta məktəb şagirdi olduğunu öyrəndikdən sonra aclığı dayandırmağı tələb etdik və təkidlərimizdən sonra aksiyanı dayandırdı".
Şakiroğlu martın 29-da aksiyaya qoşulmuşdu.
Günün ikinci yarısında aksiya iştirakçılarından Natiq Cavadlının vəziyyəti ağırlaşıb.
"Təcili yardım çağırıldı. 16 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimləri aksiya iştirakçılarını müayinə etdilər. Məlum oldu ki, Natiq Cavadlının qan təzyiqi kəskin şəkildə aşağa düşüb. Həkimlər ona tibbi yardım göstərmək istəsələr də, o, bundan imtina etdi və iynə vurulmasına icazə vermədi. Natiq Cavadlı aclığı dayandırmaqdan da imtina etdi", -deyə Çobanoğlu əlavə edib.
Həkim müayinəsi nəticəsində məlum olub ki, aksiya iştirakçılarının qan təzyiqi aşağı düşüb. Lakin onların vəziyyəti normaldır və aksiyanı davam etdirirlər.
Onun sözlərinə görə, Ombudsman Aparatının nümayəndələri aksiya iştirakçılarına baş çəkiblər və aclığı dayandırmağı təklif ediblər.
Hazırda aksiyada dörd jurnalist - Şahvələd Çobanoğlu, Natiq Cavadlı, Elşən Balaxanılı və Zahid Səfəroğlu iştirak edir.
Fətullayev Cinayət Məcəlləsinin terororçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma(213.2.2) maddələri ilə təqsirli bilinərək, məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.
Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 3 jurnalist -- "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, onun qardaşı, qəzetin əməkdaşı Mirzə Sakit və "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsdədir.