...

Avropa Şurası Azərbaycanda jurnalistlərin aclıq aksiyası keçirməsindən narahatdır – AŞ rəsmisi

Cəmiyyət Materials 1 Aprel 2008 17:11 (UTC +04:00)
Avropa Şurası Azərbaycanda jurnalistlərin aclıq aksiyası keçirməsindən narahatdır – AŞ rəsmisi

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir C.Babayeva, S.İlhamqızı/ Avropa Şurası Azərbaycanda jurnalistlərin aclıq aksiyası keçirməsindən narahatdır. Trend un məlumatına görə, bu fikirləri Avropa Şurası Baş Katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Briborsia səsləndirib.

AŞ diplomatı bu gün aclıq aksiyası keçirən jurnalistlərə baş çəkib.

"Təəssüf ki, jurnalistlər öz etiraz səslərini qaldırmaq üçün aclıq aksiyasına əl atıblar. Jurnalistlərə fiziki hücumlar tamamilə qəbulolunmazdır. Jurnalistlər onlara qarşı hücümlara görə qeyri-zorakı üsulla etirazlarını bildirirlər"-deyə Briborsia qeyd edib.

O, əlavə edib ki, jurnalistlərin bu etiraz aksiyası barədə Avropa Şurasının Baş Katibini məlumatlandıracaq. Briborsianın sözlərinə görə, Avropa Şurasının Monitorinq Qrupu Azərbaycanda söz azadlığının vəziyyətinə dair araşdırma aparacaq.

"Azərbaycan suveren ölkə olduğundan, Avropa Şurası əmindir ki, Azərbaycan özü siyasi problemilərini həll etməyə qadirdir. Əminəm ki, Azərbaycanda jurnalistlərə hücum halları bir daha təkrarlanmayacaq"-deyə AŞ diplomatı bildirib. "Söz Azadlığını Müdafiə Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva bu gün aclıq aksiyasına başlayıb", -deyə bazar ertəsi Trend ə açıqlamasında "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu bildirib. 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan"qəzetlərinin baş redaktoru Eynulla Fətullayev martın 26-dan həbsdə aclığa başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa çıxmasını tələb edir, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir. Fətullayevə dəstək məqsədilə "Yeni Müsavat" qəzetinin redaksiyasında "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu, "Yeni Müsavat" qəzetinin redaktoru Zahid Səfəroğlu və qəzetin əməkdaşı Elşən Balaxanlı, "Bizim yol" qəzetinin əməkdaşı Natiq Cavadlı artıq altıncı gündür açılıq aksiya keçirirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti