...

İbrahim Tatlısəs Nüşabə Ələsgərliyə məsləhətlər verəcək

Cəmiyyət Materials 9 Aprel 2008 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel /müx. TrendLife Türkan İmaməliyeva/

Azərbaycanın bir çox sənətçiləri Türkiyə şou-biznesinə qatılmağa cəhd göstərirlər. O da heç kimə sirr deyil ki, Türkiyə şou-biznesinin öz qayda-qanunları var və onlar öz çərçivələrinə kənardan gəlmələri buraxmırlar. Yəni başqa ölkədən gəlib Türkiyə şou-biznesində sözünü demək, loru dildə desək, "at oynatmaq" heç də asan deyil. Düzdür, zamanla Azərbaycandan da Türkiyəyə gedib oranın şou-biznesinə qatılmaq istəyən sənətçilərimiz də az olmayıb. Ancaq nə yazıq ki, onların böyük əksəriyyətinin cəhdi uğursuz alınıb. Sadəcə, son bir neçə ay ərzində Röyanı istisna etsək, demək olar ki, orada Azərbaycan sənətçilərinin səhnəyə çıxmasının, oranın bəstəkarlarının, prodüserlərinin, studiyalarının diqqətini çəkməsinin şahidi olmamışıq. Yalnız Röya son dövrlər nəinki orada tez-tez müxtəlif səhnələrin qonağı olur, o cümlədən bir çox tanınmış studiyalar, bəstəkarlar, müğənnilər Röya ilə işbirliyi qurmağa həm cəhd edirlər, həm də müəyyən mənada buna nail olublar. Bu günlərdə isə daha bir müğənnimizin Türkiyə şou-biznesinə qatılmaq istəyini eşitdik. Əməkdar artist Nüşabə Ələsgərli Türkiyədə çalışmaq fikrindədir. Bu barədə müğənni ilə söhbətimiz oldu. Sənətçi bildirdi ki, bir ildən sonra iki illik müqavilə ilə Türkiyə şou-biznesində fəaliyyət göstərməyə başlayır. Qonşu ölkədə tanınmağa israrlı olduğunu deyən sənətçimiz "Allah qoysa, gələn il Türkiyədə fəaliyyətimə start verəcək. Düşünürəm ki, bunun üçün həm potensialım var, həm də imkanlarım genişdir. Türkiyə şou-biznesinin məni qəbul etməsi üçün heç olmasa, bir mahnım bomba kimi partlamalıdır. Necə deyərlər, tutuzdurmalıdır ki, Nüşabə Ələsgərli kimi orada da qəbul olunum. Artıq bununla bağlı işlər aparılır. Həmin mahnı tam hazır olduqdan sonra oranın şou-biznesində özümə yer tutacağıma əminəm. Artıq bundan sonra disk buraxdırmağı da nəzərdə tutmuşam. Türkiyənin məşhur müğənnilərindən Mustafa Sandalla işbirliyimiz də planlaşdırılıb. Mahnı hazır olduqdan sonra isə türk klipmeykerlərinə klip çəkdirməyi də nəzərdə tutmuşam. Bir də heç kimə sirr deyil ki, mənim İbrahim Tatlısəslə dostluq münasibətlərim var. O da Türkiyədə fəaliyyətim dövründə mənə kömək edəcək, müəyyən məsləhətləri olacaq" söylədi. Sənətçi xüsusi şəkildə vurğuladı ki, Türkiyəyə düz bir ildən sonra gedəcək.

Xəbər lenti

Xəbər lenti