...

Keçmiş həyat yoldaşımı müflis etməmişəm – xalq artisti Məleykə Əsədova

Cəmiyyət Materials 29 Aprel 2008 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /müx. TrendLife Günel Əhmədova

Bir müddət öncə Türkiyədə çəkiləcək seriala dəvət aldığını bəyan edən xalq artisti Məleykə Əsədova özünü qardaş ölkənin kinematoqrafiyasında sınamaqdan artıq vaz keçib. Ötən illərə təsadüf edən çıxışlarında aktrisa, təklifi qəbul edəcəyinə dair çıxışlar edirdisə, indi tamam əksinə düşünür:

- Fikrinizdən niyə daşındınız?

- Şərtləri ürəyimcə idi, lakin oynayacağım obrazı özümə layiq görmədim. Düşünməyin ki, mənə açıq səhnələr həvalə olunmuşdu. Sadəcə, özümü bu biçimdə görmək istəmədiyim üçün təklifdən imtina etməyi düşündüm. Həmçinin serial uzun aylar üçün ölçülən incəsənət məhsuludur. Buna görə, teatrdakı işlərimdən olmaq istəmədim. Kinodan söz düşmüşkən, qeyd edim ki, bədii filmə çəkilmək arzusundayam. Amma yerli kinematoqrafçılar tərəfindən belə bir təklif almamışam.

- Biznes qadını olmağı düşünürsünüz?

-Çox istərdim. Amma bu barədə çox gec düşünməyə başladım. Artıq özümü bu sahədə görə bilmirəm. Hətta bunu vaxtında həyata keçirmədiyim üçün peşimançılığını da çəkirəm. Soruşarsınız ki, gec deyil. Nədənsə, indi özümü bu peşədə görmək istəmirəm. Qazanc yerim yalnız Akademik Milli Dram Teatrıdır.

- Ailəniz dağılıb deyə, bu cür düşünürsünüz? Yəni, insanlar bu qədər pulu haradan tapır, deyə dedi-qodu edərlər?

- Əslində, işin bu tərəfi də var. Lakin mən başqalarının fikri ilə yaşayan insan deyiləm. Özüm necə düşünürəmsə, o cür də addımımı atıram. Həyatda insanın başına hər cür hadisə gələ bilər. Mənim evliliyimin pozulmasını müzakirə edən insanların həyatından Allah bilir nələr keçib. Sadəcə, onlar qeyri-məşhur olduqları üçün şəxsiyyətləri diqqət mərkəzində deyil.

- Evlilikdən söz düşmüşkən, söz gəzir ki, guya həyat yoldaşınızı müflis etmisiniz?

- Doğru xəbər deyil. Məni tanıyanlar deyə bilərlər ki, keçmiş həyat yoldaşım vaxtilə mənə məxsus evdə yaşayıb. Onu hələ tanımırdım, həmin evə sahib idim. Eyni zamanda da avtomobilə. Bir sözlə, bu da şayilələrin bir qolunu təşkil edir. Çünki istedadlı xanım olduğumu bəzi insanlar qəbul edə bilmirlər. Nədənsə, düşünmək istəmirlər ki, Məleykə Əsədova ən çətin obrazların öhdəsindən gəlib. Onlar üçün şayiə yaymaq, görünür, daha asandır. Onu da əlavə edim ki, bu evliliyin bitməsini istəyən mən olmuşam. Çünki ailədə böyük yalanlar başladısa, onun gələcəyi olmayacaq. Mən bu cür həyata alışıq deyiləm.

- Yenidən ailə həyatı qurmaq istəyiniz var?

- Bu barədə düşünməmişəm. İnsan sevərkən, ailə qurmaq barədə fikirləşir. Hələki, mən köhnə hadisələri unuda bilmirəm. Qadının ailə məsələsində qəlbi qırıldısa, onun özünə qayıdışı uzun zaman aparır. Hələ özümü buna hazır görmürəm. Övladımın qayğısı və tərbiyəsi ilə məşğulam. Eyni zamanda sənətimə bağlanmışam. Əgər gələcəkdə, ürəyim kiməsə bağlanarsa, əvvəlcə onun mənə qarşı münasibətini öyrənməyə çalışacam. Sınaqdan çıxarsa,ailə həyatı qurmaq barədə düşünərəm.

- Müğənnilik fəaliyyətinizi axsatmağa, ailə sıxıntıları təsir göstərib, yoxsa, haqqınızda kəzən söhbətlər sizi ruhdan salıb?

- Peşəkar müğənnilər barədə də xoşagəlməz sözlər danışırlar. Mən bu cür atmacaların təsiri altına düşəcək qədər gücsüz deyiləm. Hətta vaxtilə aktrisa kimi də tənqid obyektinə çevrilirdim. Amma istedadıma güvəndiyim üçün sındırıla bilmədim. Həm həyatda insanlara qarşı münasibətimdən, həm də səhnədəki çıxışlarımdan çox razıyam. Lakin ailə həyatında bəxtim gətirmədi. Amma yenə ruhdan düşmürəm. Həyat yalnız bu cür hadisələrin üzərində dayanmayıb, deyə yoluma davam edirəm.

- El şənliklərinə, şou-proqramlara dəvət alırsınız?

- Bəli, dəfələrlə təkliflər alıram. Lakin hər iki məkanda görünmədiyim üçün barəmdə, toy oxuya bilmir, deyirlər. Mənim ifa tərzimi bəyənən insanlar var. Hətta bu günə kimi çıxardığım albomlar satılır. Lakin özümü müğənni kimi təqdim etməyi düşünmürəm. Düzdür, ifaçı kimi vokal dərsləri almışam. Lakin həmişə buna əsil peşəmin bir qolu kimi baxmışam. Ona görə də, toy, şou-proqram dəvətlərini qəbul etmirəm. Çünki müğənni kimi xidmət göstərmək istəmirəm.

Xəbər lenti

Xəbər lenti