Azərbaycan, Bakı, 1 may /müx.TrendLife Şahin Cavadsoy/
Yerli şou-biznes sakinlərinin xarici görünüşlərinin dəyişməsində stilistlərin kifayət qədər rolu var. Sən demə əsasən müğənnilərlə fəaliyyət göstərən stilistlər arasında da müəyyən kateqoriya bölgüləri aparılır. Stilist Balaşın TrendLife-a verdiyi açıqlamasını dinləyəndə, bunun açıq-aydın şahidi olduq: "Təvazökarlıqdan uzaq olsa da özümü sənətimdə nömrəbir adlandırıram. Mənə görə stilistlər arxa planda qalmamalıdırlar. Nə üçün gördüyümüz işlərlə kölgədə qalmalıyıq?"
Balaşın sualı kimə ünvanlamasını bilməsək də ondan özündən sonra kimi peşəkar stilist kimi qəbul etdiyini xəbər aldıq. Cavabı isə belə oldu: "Azərbaycanda məndən başqa bir stilist var - Şəfəq Novruzova. Eyni salonda çalışdığımız üçün onu tərifləmirəm. Çünki, Şəfəq sözün əsl mənasında işinin ustasıdır".
Şəfəqin fikirlərini öyrənmək də çətin olmadı: "Göstərdiyi hörmətə görə Balaşa minnətdaram. İnanın mən də onun işlərini çox bəyənirəm. Hesab edirəm ki, Balaş hələ bir neçə il ərzində öz birinciliyini qoruyub saxlayacaq".
Əminliklə demək olar ki, Şəfəq-Balaş cütlüyünün bu açıqlaması şou-gündəmində sakitçiliklə qarşılanmayacaq.