Azərbaycan, Bakı, 05 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının iştirakçısı olan "Qarabağ" klubunun türkiyəli baş məşqçisi Rasim Kara hakimləri komandasının 10 xalını "oğurlamaqda" ittiham edir. "Biz daha yuxarı pillələrdə ola bilərdik. Amma hakimlər "Bakı", "İnter", "Karvan" kimi komandalarla oyunlarda bizim 10 xalımızı "oğurlayıb"", bazar ertəsi Trend a türkiyəli baş məşqçi deyib.
Kara 1996-97-ci illərdə Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi olub. O, Türkiyənin yığma komandasında Fatih Terimin köməkçisi kimi də çalışıb.
Baş məşqçinin dediyinə görə, mayın sonunda "Qarabağ" klubu ilə müqaviləsi başa çatacaq. "6 ayda 20 oyunçu dəyişdik. Bu, çempionluq uğrunda mübarizə aparmamağımızda böyük rol oynadı. Mən həmişə çempionluğa oynayan məşqçi olmuşam. "Qarabağ"da qalsam, yəqin ki, qarşıdakı mövsümdə hədəfimiz çempionluq olacaq", Kara əlavə edib.
"Qarabağ" hazırda 33 xalla turnir cədvəlində 6-cı pillədə yer alır. Komanda sonuncu turda "Standard"la oyunda 1:0 hesablı qələbə qazanıb.
Kara Azərbaycanda "Qarabağ"dan əvvəl "Xəzər-Lənkəran" klubunda baş məşqçi kimi çalışıb. O, bu komandayla Azərbaycan çempionatının gümüş medallarını qazanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]