Azərbaycan, Bakı, 08 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası dünya çempionatının (DÇ) seçmə mərhələsində iştirak etmək üçün cümə günü İspaniyaya yola düşəcək. Bu barədə cümə axşamı Trend a Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) mətbuat xidməti məlumat verib.
Azərbaycan idmançıları İspaniyanın Benidrom şəhərində mayın 11- dən 13 - dək keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün C qrupunda İtaliya, Norveç və Yunanıstan komandalarına qarşı mübarizə aparacaqlar.
Çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının baş məşqçisi braziliyalı Qustavo Enrike Silvadır.
Çempionatın seçmə turnirində 24 komanda iştirak edir. Bu komandalardan yalnız 4-ü dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Azərbaycan yığma komandasının yer aldığı C qrupundan başqa, qalan 5 qrupda Almaniya, İspaniya, Belarus, Rumıniya (A qrupu), Rusiya, Çexiya, Hollandiya, Latviya (B qrupu), Portuqaliya, İngiltərə, Gürcüstan, Estoniya (D qrupu), Polşa, Ukrayna, Andorra, Slovakiya (E qrupu), İsveçrə, Avstriya, Litva və Macarıstan (F qrupu) mübarizə aparacaq.
Dünya çempionatının final mərhələsinin oyunları iyulun 17-dən 27-dək Fransanın Marsel şəhərində keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]