Çexiya, Brno, 13 may/ Trend , müxbir S.Nəcəfov/ Azərbaycanın eks-prezidenti Heydər Əliyevin 85 illik yubileyi və Azərbaycan Demokratik Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar mayın 14-dən Çexiyanın ikinci böyük şəhəri olan Brnoda təntənəli tədbirlərə start verilir.
Çexiyanın ən böyük universitetlərindən olan Masarik Universitetində Heydər Əliyevin anadan olmasının və ADR-in yaranmasının ildönümü ilə əlaqədar sərgi təşkil olunacaq. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stend, ADR-in yaranma zərurəti, fəaliyyəti və süqutu barədə fotolar və tarixi sənədlər nümayiş etdiriləcək. Sərgidə Azərbaycanın müasir inkişafına da xüsusi yer ayrılacaq, qonaqlar ölkənin müxtəlif sahələr üzrə inkişafını göstərən fotolar və statistik göstəricilərlə tanış olacaqlar. Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini əks etdirən videoçarxlar da nümayiş etdiriləcək.
Sərginin təşkilatçısı Masarik Universitetinin müəllimi, həmyerlimiz professor Anar Vəliyev Trend -a açıqlamasında bildirib ki, sərginin mayın sonuna kimi davam etdirilməsi nəzərdə tutulur.
Tədbirdə Masarik Universitetinin professorları, doktorlar, magistrlər, tələbələr, Brno şəhər rəsmiləri, Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə və başqa fəxri qonaqlar iştirak edəcəklər.
30 minə yaxın tələbənin təhsil aldığı Masarik Universiteti Avropanın humanitar sahə üzrə ən nüfuzlu elm ocaqlaından biridir və burada Azərbaycanla bağlı tədbir ilk dəfə keçirilir.
Brno şəhəri paytaxt Praqadan 217 km cənub şərqdə yerləşir.