...

Azərbaycanda vətəndaşların alternativ məhkəmə ekspert rəyi almaq imkanı yoxdur

Cəmiyyət Materials 19 May 2008 16:57 (UTC +04:00)

Azərbaycan,Bakı,19 may / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanda məhkəmə ekspertizası sahəsində ciddi islahatların aparılması və özəl ekspertiza qurumlarının yaradılması barədə ictimai müzakirələr xeyli vaxtdır davam edir.

Müstəqil hüquqşünaslar, vəkillər Azərbaycanda bu sahənin dövlət inhisarında olması səbəbindən, çoxlu qanunsuzluqların mövcudluğunu əsas gətirərək, müstəqil ekspertiza müəssisələrinin yaradılmasını günün vacib məsələsi hesab edirlər.

Hüquqşünas İntiqam Əliyevin sözlərinə görə, ekspertiza qurumlarının dövlət nəzarətində olması ekspert rəylərinin obyektivliyini şübhə altına alır. Onun fikrincə, Azərbaycanda məhkəmə, istintaq orqanları müstəqil olmadığından onların ekspert rəylərinin alınmasına təsir imkanları mövcuddur. "Məhkəmənin, istintaqın qeyri-obyektivliyinə maraqlı olan qüvvələrin obyektiv olmayan, qərəzli ekspert rəyləri almaq imkanları var",- deyə Əliyev vurğulayıb.

O hesab edir ki, Azərbaycanda özəl ekspertiza müəssisələrinin yaradılması ilə bağlı xeyli vaxtdır müzakirələr aparılsa da, bu sahədə konkret nəticənin əldə olunmaması istintaq və məhkəməni nəzarətdə saxlamaq məqsədi güdən qüvvələrin bu prosesə müdaxiləsidir.

Vəkil Qurban Məmmədov da ekspertiza fəaliyyəti ilə bağlı çoxsaylı problemlərin olduğunu və ekpertiza müəssisəsinin dövlətdən və ayrı-ayrı məmurlardan asılı olduğunu deyib.

Onun sözlərinə görə, şəxsin, vəkilin obyektiv ekspert rəyi almaq imkanı yoxdur. "Qanun vətəndaşa istənilən eksperti seçmək imkanı verir. Bizdə ekspertlər vahid bir quruma tabe olduğundan, təcrübədə vətəndaşın bu seçim imkanı əlindən alınıb",- deyə vəkil qeyd edib.

Məmmədov iddia edir ki, dövlətin inhisarında olan ekspertiza müəssisəsi istintaq və məhkəmələrin yol verdikləri qanunsuzluqları "qanuni dona" geyindirməklə məşğuldur.

Onun sözlərinə görə, özəl ekspertiza müəssisələrinin yaradılması vətəndaşlara alternativ ekspert rəyləri almaq, həmin rəyləri mübahisələndirmək imkanı verəcək.

İntiqam Əliyevin sözlərinə görə isə, bu qurumların yaradılması istintaq və məhkəmə prosesində baş verən pozuntuların aradan qaldırılmasına və vətəndaşların hüquqlarının müdafiəsinə kömək edəcək.

Trend a müsahibəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, hüquq elmləri doktoru Fuad Cavadov Azərbaycanda özəl ekspertiza qurumlarının yaradılmasına ehtiyac olmadığını bildirib.

"Müstəqil ekspertlərin bizim mərkəzin apardığı tədqiqatları aparmağa və elmi əsaslandırılmış səviyyədə rəy verməyə imkanları yoxdur. Hazırki mərhələdə müstəqil ekspertiza müəssisələrinin yaradılması mümkün deyil",- deyə Cavadov vurğulayıb.

Azərbycanda alternativ ekspert rəyləri yalnız evlərin qiymətləndirilməsi sahəsində verilir.

Cavadov bu sahədə fəaliyyət göstərən ekspertiza qurumlarının təcrübəsini misal göstərərək vurğulayıb ki, həmin qurumlar hec bir metodika, elmi yanaşma olmadan hansısa mənzilə, ancaq bazardakı vasitəçilərdən öyrənilən məlumatlar əsasında qiymət qoyurlar.

Bu rəylərin isə, son nəticədə mübahisə obyekti olduğunu deyən Mərkəzin rəisi bildirib ki, ekspert professional olmalı, rəy verən qurum standartlara uyğun avadanlıq bazası ilə təmin edilməlidir və bu məsələdə elmi yanaşma vacibdir.

Cavadov bildirib ki, ekspert bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıyır. Özəl müəssisələrin ekspertlərindən fərqli olaraq, dövlət ekspertinin mənəvi məsuliyyəti də var. Rəisin sözlərinə görə, ekspert haqqında istintaq-məhkəmə orqanından aparılan ekspertizada səhvlərə yol verməsi barədə təqdimat gələrsə, həmin ekspert ekspertiza müəssisəsinin rəhbərliyi tərəfindən qanuna müvafiq qaydada cəzalandırılır.

"Əgər bizdə özəl ekspertiza qurumları açılarsa, çox böyük problemlər yaranacaq. Özəl ekspertiza qurumlarının yaradılması çıxış yolu deyil",-deyə Cavadov bildirib.

Hüquqüünas Əliyev Mərkəz rəhbərinin özəl ekspertiza qurumlarının yaradılmasına ehtiyac olmaması ilə bağlı göstərdiyi arqumentləri əsaslı hesab etmir. Onun sözlərinə görə, özəl ekspertiza müəssisələrinin fəaliyyəti dünya təcrübəsində sınaqdan çıxıb və müsbət nəticələr verib.

Ekspert rəylərinin qanuniliyi, obyektivliyi ilə bağlı kifayət qədər problemin olduğunu deyən hüquqüünas hesab edir ki, Mərkəz rəhbərinin gətirdiyi arqumentləri dövlət ekspertiza müəssisəsinin fəaliyyətinə də aid etmək mümkündür.

"Dövlət ekspertiza müəssisəsinin verdiyi ekspert rəyləri də peşəkarlıq, obyektivlik baxımından tələblərə cavab vermir. Həmin Mərkəzin texniki-təchizat bazası da dünya standartları səviyyəsində deyil",-deyə Əliyev vurğulayıb.

Onun sözlərinə görə, ekspertiza fəaliyyəti ilə bağlı normal qanunvericilik qəbul olunarsa, müstəqil ekspertiza qurumlarının yaradılması üçün normal şərait yaradılarsa, maddi-texniki bazası güclü olan müstəqil ekspertiza müəssisələri yaradıla bilər.

Cavadov bildirir ki, ekspert verdiyi rəyə məsuliyyət daşıyır və billə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıdığı barədə xəbərdar edilir. "Bu, ekspert rəylərinin obyektivliyi üçün kifayət deyilmi?",-deyə Cavadov vurğulayıb.

İntiqam Əliyevin sözlərinə görə, məsuliyyət müəyyən edən normalar həm də müstəqil ekspertlərə şamil oluna bilər. "Əgər bu prinsiplə məsələyə yanaşsaq, onda digər fəaliyyət sahələrində də özəl, müstəqil qurumlar yaradılmamalıdır",- deyə hüquqüünas vurğulayıb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi 2006-cı ildən Mərkəz kimi fəaliyyət göstərir.

1956 - cı ilin iyun ayında Nazirlər Sovetinin yanında hüquq komissiyasının nəzdində Elmi-Tədqiqat Kriminalistik Laboratoriya kimi yaradılıb. 1960 - cı il dekabr ayının 15- də isə, Azərbaycan elmi-tədqiqat məhkəmə ekspertizası institutu yaradılıb.

Məhkəmə-tibb və məhkəmə-psixiatrik ekspertizalar istisna olmaqla, 40 növdən artıq ekspertizalar bu Mərkəzdə aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti