Azərbaycan, Bakı, 20 may / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda ilk dəfə olaraq su sərfinin ölçülməsində yeni texnologiyanın istifadəsinə başlanılıb. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən İradə İbrahimova məlumat verib.
"Azərbaycanda Hidrometeorologiyanın İnkişaf Proqramı"na (2004-2010) uyğun olaraq hidrometeorologiya işlərinin təkmilləşdirilməsi davam etdirilir.
Azərbaycanda ilk dəfə olaraq ABŞ-ın "SonTec" firmasının istehsalı olan ADP (Acoustic Doppler Profiler) cihazı vasitəsilə, ultrasəs metodu ilə Kür çayında nümunəvi su sərfi ölçülüb.
Ultrasəs metodu ilə su sərfi ölçülərkən çayın bütün eni boyu hər 2-3 metrdən, vertikal üzrə isə hər 40 santimetrdən bir axının sürəti ölçülür, eyni zamanda dərinlik müəyyən edilir, çayın en kəsiyinin profili çıxarılır. Cihaz motorlu qayıqda yerləşdirilən kompüterlə idarə olunur, bütün məlumatlar operativ olaraq ekranda canlandırılır və arxiv faylına yazılır. Bu da sonradan kompüterdə həmin işi simulyasiya etməyə imkan verir.
İbrahimovanın sözlərinə görə, hidrologiyada su sərfinin ölçülməsi üçün ənənəvi olaraq mexaniki fırlanğıcdan istifadə olunurdu ki, bu üsulla Kür kimi çaylarda su sərfinin ölçülməsi böyük vaxt və zəhmət tələb edir, kifayət qədər dəqiqlik isə alınmırdı. Gursululuq dövründə su sərfinin ölçülməsi böyük çətinliklər törədir, ağac budaqları çox vaxt suda fırlanğıcı qırıb aparır, eyni zamanda işçilər üçün də təhlükə yaradırdı.
Ultrasəs metodu ilə isə su sərfi tez, asan və dəqiq yerinə yetirilir. Milli Hidrometeorologiya Departamentində hazırda 2 belə cihaz vardır ki, bunlar da, Kür, Araz və Qanıx çaylarında su sərfinin daha dəqiq, vaxtında, təhlükəsiz və asan ölçülməsinə imkan verir. Cihazlardan sahilə yaxın ərazilərdə (25 metrədək) dəniz axınlarının öyrənilməsi üçün də istifadə oluna bilər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]