Azərbaycan, Bakı, 15 may / Trend , müx. C.Babayeva/ Azərbaycanda texniki peşə təhsilinin inkişafı üçün ümumi dəyəri 32 mln. dollar olan Ali Texniki Peşə Təhsili Mərkəzi tikiləcək. Mərkəzin tikintisi üçün Koreyanın "İqtisadi inkişaf və əməkdaşlıq fondu" 22 mln dollar, Azərbaycan hökuməti isə - 10 mln dollar ayırıb.
Mərkəz Bakıda fəaliyyət göstərən 4 nömrəli peşə litseyinin bazasında inşa olunacaq və burada iqtisadiyyatın müxtəlif sahələri, elektronika və müasir texnologiya ilə işləyə biləcək 7 ixtisas üzrə kadrlar hazırlanacaq.
Bu Mərkəzin tikintisinə dair memorandum 2007-ci ilin avqustunda Təhsil Nazirliyi ilə Cənubi Koreyanın "DAEWOO" şirkəti arasında imzalanıb.
Mərkəz 2 il müddətinə tikilib,istifadəyə veriləcək. Həmin vaxta qədər Mərkəzin mühəndis-pedaqoji heyəti təşkil olunacaq və dərs vəsaitləri hazırlanacaq.
Koreyanın müxtəlif şirkətləri Mərkəzi 633 adda 5401 ədəd müxtəlif avadanlıqlarla təchiz edəcək. Mərkəzdə işləyən müəllimlər üçün 49 nəfər olmaqla 3 aylıq, İdarə Heyəti üçün 20 nəfər olmaqla Koreyada 1 aylıq kurslar təşkil olunacaq.
Mərkəzin tikinti layihəsinin təqdimatında təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanda texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramından başqa 6 layihə üzərində iş aparılıb. "Ali Texniki Peşə Təhsili Mərkəzində peşə təhsili siyasəti hazırlanacaq və bütün ölkə üzrə tətbiq olunacaq" - deyə nazir qeyd edib.
Nazirin sözlərinə görə, Təhsil Nazirliyi Mərkəzin tikintisi layihəsinə yüksək qiymət verir və onun tezliklə fəaliyyətə başlaması üçün əlindən gələni edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend