Azərbaycan, Bakı, 23 may / Trend , müxbir C.Babayeva/ Azərbaycanın ekologiya və təbii sərvətlər naziri bəyan edib ki, paytaxt Bakıda çirkab suların 70 faizi heç bir emala məruz qalmadan torpağa, Xəzər dənizinə axıdılır. "Bakının ən ciddi problemlərindən biri çirkab suların emalının çox aşağı səviyyədə olmasıdır. Abşeron yarımadasında yalnız Hövsan təmizləyici qurğusu 30 faiz güclə işləyir", cümə günü Bakıda jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Trend -un arayışı: Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğuları Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran qəsəbələrində və "Amburan" çimərliyi ərazisində quraşdırıb.
Nazir bildirib ki, Abşeron yarımadasının şimal sahilində son dörd ay müddətində 61 km ərazi çirkab sulardan təmizlənib. Onun sözlərinə görə, 2-3 il ərzində Abşeron yarımadasından dənizə istiqamətlənən bütün qurğuların "Azərsu" tərəfindən təmiri bərpa olunsa, dənizə bir damla çirkli su axıdılmayacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]