...

Pozuntulara yol verən hakimlər məhkəmə sistemindən kənarlaşdırılacaq - Azərbaycanın ədliyyə naziri

Cəmiyyət Materials 11 İyun 2008 12:22 (UTC +04:00)
Pozuntulara yol verən hakimlər məhkəmə sistemindən kənarlaşdırılacaq - Azərbaycanın ədliyyə naziri

Azərbaycan, Bakı,11 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Məhkəmə -Hüquq Şurası (MHŞ) 3 hakim barəsində intizam icraatı başlayıb.

MHŞ-nin sonuncu iclasında bu barədə qərar qəbul edilib.

Adları hələlik açıqlanmayan hakimlər barəsində intizam icraatı vətəndaşların hüquqlarının həyata keçirilməsinə maneələr yaratdıqlarına və digər pozuntulara yol verdiklərinə görə başlanılıb.

MHŞ-nin sədri, ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün həyata keçirilən kompleks tədbirlər çərçivəsində vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntuları və neqativ hallara yol verən hakimlərin məhkəmə sistemindən kənarlaşdırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Ötən il bütün hakim korpusunun fəaliyyətinin qiymətləndirilməsi nəticəsində 30-dan çox hakimin səlahiyyətlərinə xitam verilib, habelə son iki il ərzində 50-dək hakim barədə intizam icraatı başlanılıb, o cümlədən korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 3 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 nəfər isə aşağı işə keçirilib.

Ötən il ölkə başçısının fərmanları ilə hakim ştatları 50 faiz artırılıb. Bu isə hakimlərin iş yükünün və onların fəaliyyətində süründürməçilik hallarının azalmasını, işlərə daha keyfiyyətli baxılmasını təmin edib.

İclasda yüksək instansiya məhkəmələrində vakant olan ştatların komplektləşdirilməsi mümkün hesab edilib, Ali və Apellyasiya məhkəmələrinə hakimlərin təyinatı barədə təkliflər verilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti