...

Azərbaycanın peşəkar boksçusu Rusiyanın şərəfini qoruya bilər

Cəmiyyət Materials 18 İyun 2008 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov peşəkar rinqdə Rusiyanın şərəfini qoruya bilər. "Bizdə nədənsə sponsorlar ancaq müğənnilərlə işləməyə üstünlük verirlər. Hansısa reklam çarxlarına da müğənillər çəkilir. Bizi isə yada salan yoxdu. Mən hansısa döyüşü keçirmək üçün borc pul götürməli oluram. Belə getsə, Rusiyadan gələn təklifləri qəbul etməli olacam. Amma mən bunu istəmirəm", çərşənbə günü keçirdiyi mətbuat konfransında İsmayılov deyib.

İsmayılov Azərbaycanın azsaylı peşəkar boksçularından biridir. O, uzun illər Azərbaycanın boks yığma komandasının kapitanı olub. Peşəkar boksçu bu ilin may ayında Rusiyanın Sankt-Peterburq şəhərində braziliyalı idmançı ilə keçirdiyi döyüşün ikinci raundunda nokautla qələbə qazanıb.

Azərbaycanlı boksçu bildirib ki, bu ilin iyul və oktyabr aylarında iki döyüş keçirməyi planlaşdırıb. "Bu döyüşlərdən biri ABŞ-ın Los-Anceles şəhərində olacaq. Digər döyüşü isə Almaniyada türkiyəli Fırat Aslana qarşı keçirəcəm. İnanıram ki, Almaniyanın şərəfini qoruyan türkiyəli boksçu ilə döyüşdə qələbə qazanıb onun kəmərini əlindən alacam", - deyə İsmayılov əlavə edib.

İsmayılov bu ilin yayında keçiriləcək Pekin Olimpiadasından sonra Azərbaycanın beş həvəskar boksçusunun peşəkar boksa üz tutacağını da deyib.

Azərbaycanlı boksçu daha sonra Pekin Olimpiadasında çıxış edəcək boksçular - Şahin İmranov və Samir Məmmədovdan uğur gözlədiyini bildirib. "Əvvəllər Beynəlxalq Həvəskar Boks Federasiyasının prezidenti bizimlə yaxşı münasibətləri olan Ənvər Çoudri idi. Bunun Olimpiadalarda bizə müəyyən köməyi dəyirdi. Amma bu dəfə boksçularımızın üzərinə daha çətin iş düşür. Onlar var gücləri ilə döyüşüb Olimpiadadan medalla qayıtmalıdırlar", - deyə boksçu əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti