Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycan gimnastları Anna Qurbanova və Səidə Abdullayeva "Trofeo Kariprato" adlı beynəlxalq turnirin iştirakçıları olacaqlar. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.
İtaliyanın Prato şəhərində keçiriləcək turnirə iyunun 20-də start veriləcək və yarış iki gün davam edəcək. Bu idmançılardan Qurbanova Pekində keçiriləcək Olimpiya oyunlarında Azərbaycanın gimnastika yığmasının ehtiyat üzvü kimi iştirak edəcək.
Azərbaycanı Pekin Olimpiadasında təmsil edəcək digər gimnastlar - Aliyə Qarayeva, Dinarə Gimatova və Zeynəb Cavadlı Xorvatiyada təşkil olunan təlim-məşq toplanışına qatılıblar. Qurbanova "Trofeo Kariprato" turnirində çıxışını başa çatdırandan sonra Xorvatiyadakı hazırlıq prosesinə cəlb olunacaq.
Azərbaycanın qrup hərəkətləri üzrə gimnastika komandasının yeddi üzvü Bolqarıstanda təlim-məşq toplanışındadır. Bolqarıstanda keçirilən təlim-məşq toplanışı iyul ayının sonlarına kimi davam edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]