...

Azərbaycanda dini sahənin maliyyələşdirilməsi ilə məşğul olacaq xüsusi fond yaradılmalıdır - Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri

Cəmiyyət Materials 1 İyul 2008 11:18 (UTC +04:00)
Azərbaycanda dini sahənin maliyyələşdirilməsi ilə məşğul olacaq xüsusi fond yaradılmalıdır - Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir İ.Əlizadə/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə hesab edir ki, Azərbaycanda məscid, pir, ziyarətgah, ibadətgahlarda və yol kənarlarında qoyulan nəzir qutuları yığışdırılmalıdır. "Bu gün Azərbaycanda hansısa yerlərdə nəzir qutularının olması qəbuledilməz haldır", çərşənbə axşamı Trend -a eksklüziv açıqlamasında QMİ sədri Paşazadə bildirib.

Trend -un arayışı: Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ölkədə 1750 məscid, 500-dən çox pir və ziyarətgah dövlət qeydiyyatına alınıb. Nəzir qutuları dövlət nəzarətində olmadığından, onların statistikası barədə rəsmi məlumat yoxdur.

Paşazadə deyib ki, Azərbaycanda dini sahənin maliyyələşdirilməsi ilə məşğul olacaq xüsusi fond yaradılmalıdır, vətəndaşlar həmin fonda könüllü formada pul köçürməlidirlər. "Fonda rəhbərlik etmək üçün dindarlardan ibarət Şura formalaşdırılmalıdır. İctimaiyyət nümayəndələri isə fonda daxil olan pulların hara xərclənməsinə nəzarət etməlidirlər. Həmin fondun vəsaiti ilə məscid, pir, ziyarətgah, ibadətgahlarda işləyən mollalara maaş verilməlidir ki, onlar vətəndaşlardan, yas sahiblərindən meyid namazına və ehsana görə nəzir kimi pul almasınlar. Bu, mənim arzumdur və inşallah buna nail olacağıq", bütün Qafqazın Şeyxi əlavə edib. O bildirib ki, nəzir qutularının Qafqaz Müsəlmanları İdarəsinə heç bir aidiyyatı yoxdur.

"Çox adam elə bilir ki, Qafqaz Müsəlmanları İdarəsi hansısa yerlərdə nəzir qutularının qoyulması haqqında qərar qəbul edir. Bu, belə deyil. Məscidlərdə 10-20 nəfərdən ibarət icmalar fəaliyyət göstərir. Həmin icma üzvləri bir yerə yığılır və nəzir qutularına rəhbərlik edirlər. Onlar bizə heç hesabat da vermirlər", - deyən Paşazadənin sözlərinə görə, müxtəlif şəxslər ayrı-ayrı yerlərə nəzir qutuları qoyaraq bundan öz məqsədləri üçün istifadə edirlər.

Onun fikrincə, yeni-yeni pirlər yaradanların bəzilərinin məqsədi alver etməkdir. Onlar bunu iman və Allah üçün deyil, şəxsi maraqları üçün edirlər. "Bəzi yerlərdə yaradılan pirlərin adını belə bilmirik. Ona görə də bəzən bizim adımız da bədnam olur, islamı da ləkələyirlər. Bunlar yolverilməz haldır", -QMİ sədri əlavə edib.

Paşazadə qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi belə işlərlə məşğul olanları cəzalandıra bilmir. "Hansısa vətəndaş nəzir qutusuna nəzir atır. Biz onları necə cəzalandıraq? Əgər Təzə Pir, Əjdər bəy məscidlərinə getsəniz görərsiniz ki, orada qapıda dayanan adamlar var. Onlar gündə 1000-2000 dollar pul yığırlar. Onları kim cəzalandıracaq? Mən onları hansı qanunla cəzalandırım? Gərək vətəndaşlar ora pul atmasınlar", - deyən Paşazadənin fikrincə, bununla bağlı qanunvericilikdə boşluqlar var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti