Azərbaycan, Bakı, 1 iyul /TrendLife müx. Günel Əhmədova
Ailə qurmağa indi qərar verən xalq artisti Aygün Bayramova
özünü sənətdə və şəxsi həyatda şanslı qadınlardan hesab edir. Xasiyyətcə mürəkkəb olduğunu etiraf edən sənətçi xanım hər bir məqamda düşünüb qərar verdiyini söyləyir. Geyimində və səhnə davranışında fərqli olan Aygün Bayramova TrendLife-a şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verdi. Qeyd etdi ki, yaxın ayların birində onun nigahı kəsiləcək. Ailə təməlinin möhkəm olacağını indidən proqnoz edən həmsöhbətim seçimində yanılmayıb. Sənətdə olmağına baxmayaraq evə bağlı olan, boş saatlarını məişət qayğıları üzərində kökləyən Aygün xanım evlilik həyatında bunların daha sıx olacağını bildirdi. Gələcək həyat yoldaşı haqqında söz salan xanəndə xanım:
"Həmişə arzulamışam ki, ailə quracağım insanın birinci ali savadı olsun. Eyni zamanda həmin insan mənə hörmət etsin. Mənə elə gəlir ki, ailədə qarşılıqlı hörmət olmasa, onun təməli də olmayacaq. Həmçinin dolanışıq üçün maddiyatın olması da vacibdir. Amma çox pul, var-dövlət həvəskarı deyiləm. Bu günə kimi qarşıma çıxan insanların arasında çatışmayan tərəfləri olub. Əksərriyyəti qarşımda şərt qoyub ki, sənətdən uzaqlaşım. Razı olmamışam. İllərdir qazandığım uğuru bir anda qurban verə bilməzdim. Eyni zamanda o insan sənətimə hörmət etmirsə, onunla birgə yaşamaq mənə çətin olar. Başa düşürəm ki, sənətçi xanımla ailə quramaq asan seçim deyil" dedi.
Gələcək həyat yoldaşının incəsənətdən uzaq insan olduğunu vurğulayan Aygün Bayramova özünə heç vaxt sənət adamı ilə ailə həyatı qurmayacağına söz verdiyini bildirdi. Onun etirafına görə, sənət yoldaşları arasında ona evlilik təklifi edənlər olub:
"Bəzi insnalar mənə kaprizli olduğumu deyirlər. Hətta belələri xarakterimi düz analiz etməyərək deyirlər ki, guya mən özümdən razı insanam. Sonradan ünsiyyət yaranır və fikirlərində yanıldıqlarını söyləyirlər".
Bir müddət əvvəl şəhərin mərkəzində mənzilə sahib olan Aygün xanım ev probleminin uzun illərdən bəri olduğunu bildirdi. Sənətə yeni gəldiyi illərdə kirayələrdə yaşayarkən ev sahibi olmaq arzusu olan Aygün Bayramova buna son illər nail ola bilib. Əvvəlcə iki otaqlı mənzil alan müğənni orada valideynləri ilə birlikdə yaşayıb. Bir müddət əvvəl isə onun problemi kökündən həll olunub. Ölkə başçısının mənzillə təmin etdiyi sənətçilər arasında onun da adı çəkilib.
Muğam Teatrının solistlərindən olan Aygün Bayramovadan bir müddət əvvəl incik olduğu kamançı ifaçısı Ağacəbrayıl Abasəliyevlə münasibətlərinin hansı yerdə oluduğunu öyrəndik. Özünü kinli nisan hesab etməyfn sənətçi xanım tez bağışlamağı bacardığını söylədi:
"Sənətinə, şəxsiyyətinə hörmət etdiyim insan xətrimə dəyəndə, tez inciyirəm. Amma bağışlamağı da bacarıram. Ağacəbrayıl müəllimlə barışmışıq, amma içimdə bir balaca da olsa inciklik qalıb ki, onu özümdən uzaqlaşdıra bilmirəm".