...

Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Rumıniyaya gedəcək – AFFA rəsmisi

Cəmiyyət Materials 25 İyul 2008 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts UEFA-İntertoto kuboku çərçivəsində Rumıniyada keçiriləcək "Vasluy" - "Neftçi" oyununu stadiondan izləyəcək. Bu barədə cümə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

AFFA rəsmisi bildirib ki, Foqts avrokuboklarda iştirak edən Azərbaycan komandalarının səfər oyunlarının hamısını izləyib. "Yığma komandanın baş məşqçisi klublarımızın rəqib meydanlarında keçirdikləri oyunların hamısını stadiondan izləyib. Onun Rumıniyaya gedərək, "Neftçi" ilə "Vasluy" arasındakı görüşü də izləyəcəyi dəqiqdir", - deyə Nərimanoğlu əlavə edib.

"Neftçi" ilə "Vasluy" arasındakı oyun iyulun 26-da, saat 23.30-da başlayacaq.

Bu il avrokubok mövsümündə Azərbaycan klublarından "İnter" Çempionlar Liqasında, "Xəzər-Lənkəran" və "Olimpik" UEFA kubokunda, "Neftçi" isə UEFA-İntertoto kubokunda mübarizə aparır.

Hazırda Almaniyada olan Foqts Bakıya avqust ayının əvvəllərində qayıdacaq.

Xəbər lenti

Xəbər lenti