Azərbaycan, Bakı, 11 sentyabr / Trend , K.Zərbalıyeva/ Bakının Yasamal rayon məhkəməsi millət vəkilinin Bakı Şəhər Yol Polis İdarəsinə qarşı iddiasını təmin etməyib.
Cümə axşamı hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə millət vəkili Bəxtiyar Əliyevin iddiasını əsassız olduğundan təmin etməyib və cavabdehin xeyrinə qətnamə çıxarıb.
Milli Məclisin deputatı Əliyevin avtomobili bir müddət əvvəl Bakı Şəhər Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin kadrlar yol hərəkəti qaydalarının pozulması faktı kimi Az.TV-də yayımlanıb. Deputat bunu şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirib.
Əliyev Bakı Şəhər Baş Polis İdarəsi, Bakı Şəhər Yol Polis İdarəsi və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə (Az.TV) qarşı qaldırdığı iddiada 500 min manat mənəvi təzminat tələb edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]