...

Azərbaycanda məhkumların işlə təmin olunması üçün layihə hazırlanır

Cəmiyyət Materials 11 Sentyabr 2008 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , K.Zərbalıyeva/ Məhkumların işlə təmin olunması üçün Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəçi İctimai Birliyi İqtisadi İnkişaf Nazirliyi və Ədliyyə Nazirliyi ilə birgə layihə hazırlayır.

Bu barədə cümə axşamı ədliyyə naziri yanında məhkumların islah edilməsində ictimaiyyətin iştirakını təmin edən və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin bir illik fəaliyyətinin yekunlarına həsr olunmuş toplantıda Komitə üzvü, Birliyin sədri Kamil Səlimov məlumat verib.

Azərbaycanda cəza cəkən 19 mindən artıq məhkumun 10 faizi (2400) işlə təmin olunub. Məhkumlar əsasən cəzaçəkmə müəssisələrində məişət işlərinə cəlb olunur. 1, 6, 11,12,!5 saylı müəssisələrdə isə istehsalat sahələri fəaliyyət göstərir. Bu müəssisələrdə hərbçilər və məhkumlar üçün dəmir çarpayılar, mebellər, xalçalar, yorğan-döşək və əl işləri istehsal olunur.

Cəzaçəkmə müəssisələrində istehsalatın az olmasının əsas səbəbi isə istehsal olunan mallar üçün bazarın olmamasıdır.

Layihənin yaxın günlərdə hazırlanaraq adıçəkilən qurumlara təqdim ediləcəyini deyən Səlimov bildirib ki, bu layihə cəzaçəkmə müəssisələrində işsizlik problemini minimuma endirəcək.

Səlimov İctimai Komitənin təklifləri əsasında məhkumlar arasında intiharların sayının minimuma endirilməsi üçün Psixatriya Mərkəzinin yaradılması istiqamətində iş aparıldığını deyib.

Mərkəzin əməkdaşları İctimai Komitə adından intihar faktları daha çox qeydə alınan müəssisələrdə məhkumlarla profilaktik tədbirlər həyata keçirəcək.

Azərbaycanda digər ölkələrlə müqayisədə məhkumlar arasında intiharların sayının az olduğunu vurğulayan hüquq müdafiəçisi bu problemin daha çox ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar arasında müşahidə olunduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti