...

Azərbaycanda məhkəmələrə şikayət edənlərin sayı artıb – ədliyyə naziri

Cəmiyyət Materials 12 Sentyabr 2008 11:54 (UTC +04:00)
Azərbaycanda məhkəmələrə şikayət edənlərin sayı artıb – ədliyyə naziri

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan məhkəmələrinə müraciət edənlərin sayı ötən ilin 6 ayı ilə müqayisədə bu il 15% artıb. Trend -un məlumatına görə, bunu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov cümə günü Dünya Bankı və Beynəlxalq Maliyyə Koorparasiyasının "DOİNG BUSNENSS-2009" hesabat təqdimatı ilə bağlı keçirilən tədbirdəki çıxışı zamanı deyib.

Nazir bildirib ki, məhkəmələrə müraciətlərin sayının artması vətəndaşların məhkəmə hakimiyyətinə olan inamının göstəricisidir. Məmmədovun sözlərinə görə, son illər Azərbaycanda məhkəmə-hüquq islahatlarının aparılması, hakimlərin sayının iki dəfə artması işlərin keyfiyyətli baxılması və obyektiv qərarların qəbul olunması ilə nəticələnib.

Nazir deyib ki, bu il vətəndaşlar tərəfindən verilən apellyasiya şikayətlərinin sayı 80% azalıb, iddiaların 90%-i təmin olunub, apellyasiya məhkəmələri tərəfindən dəyişdirilən və ləğv olunan qərarların sayı isə 1,5 dəfə azalıb. Onun sözlərinə görə, fəaliyyətlərində kobud qanun pozuntularına, süründürməçiliyə yol verən hakimlər barəsində ciddi tədbirlər görülür.

Belə ki, Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyi iki il ərzində 50 hakim haqqında intizam icraatı başlanıb, korrupsiya hüquqpozmalarına yol verdiyi üçün 3 hakiminin səlahiyyətinə vaxtından əvvəl xitam verilib, 3 nəfər isə aşağı vəzifəyə keçirilib.

Trend -un arayışı: Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları nəticəsində apellyasiya məhkəmələrinin sayı 6-ya, iqtisad məhkəmələrinin sayı isə 7-ə çatdırılıb. Hakim ştatlarının sayı 50% artırılıb, məhkəmələrə 157 yeni hakim təyin olunub. İslahatlardan öncə Azərbaycan Avropa dövlətləri arasında hakimlərin sayına görə sonuncu yerlərdən birini tuturdu. Azərbaycanda hər 100 min nəfərə 4 hakim düşürdü.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti