...

Azərbaycan ombudsmanı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına məruzə göndərib

Cəmiyyət Materials 4 Oktyabr 2008 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr /Trend News, K.Zərbalıyeva/ Azərbaycan ombudsmanı tərəfindən Universal Dövri İcmal mexanizmi üzrə məruzə hazırlanaraq  BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərilib.

Ombudsman Aparatının mətbuat xidmətindən şənbə günü verilən məlumata görə, məruzə BMT-nin İnsan Hüquqları Şurasının 18 iyun 2007-ci il tarixli qətnaməsinə əsasən hazırlanıb.

Dörd hissədən ibarət olan məruzənin birinci hissəsində məruzənin hazırlanması metodologiyası, ikinci hissədə ombudsman təsisatı haqqında ümumi məlumatlar, üçüncü hissədə insan hüquqları sahəsində öhdəliklər və qanunvericilik, dördüncü hissədə isə insan hüquqları ilə bağlı məsələlər sahəsində Müvəkkilin fəaliyyəti haqqında məlumat öz əksini tapıb.

Universal Dövri İcmal mexanizmi üzrə rəsmi hesabatın hazırlanması ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə ombudsmanın fəaliyyəti barədə arayış təqdim olunub.

Azərbaycan Şuraya qəbul olunarkən öz üzərinə bir sıra öhdəliklər götürüb və bu öhdəliklərdən biri də Universal Dövri İcmal (UDİ) mexanizmi ilə bağlıdır. Ombudsman təsisatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən 2006-cı ildə Avropanın 9 nüfuzlu ombudsman institutu sırasında "A statusu" ilə akkreditasiya olunub.

Bu status ombudsman təsisatına BMT-nin Saziş qurumlarına, eləcə də İnsan Hüquqları Şurasına hökumət tərəfindən təqdim olunan hesabatların hazırlanması işində iştirak etmək, bu hesabatlarla bağlı öz rəyini bildirmək, alternativ hesabatlar hazırlamaq və dövlətin insan hüquqları sahəsində iştirakçısı olduğu beynəlxalq müqavilələrin monitorinqini həyata keçirmək səlahiyyətləri verir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti