Azərbaycan, Bakı, 17 oktyabr/ Trend , müxbir C.Babayeva/ Builki tədris ilində mərkəzləşdirilmiş buraxılış imtahanları Təhsil Nazirliyinin tabeliyində olan Azərbaycanın bütün umumtəhsil məktəblərini əhatə edəcək.
"Yeni tədris ilində Təhsil Nazirliyinin başlıca vəzifələrindən biri, buraxılış imtahanlarının ölkənin regionlarındakı bütün umumtəhsil məktəblərində keçirilməsi ilə bağlıdır", - cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdənov deyib.
Ötənilki tədris ilində mərkəzləşdirilmiş test imtahanları Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir şəhərlərinin və Azərbaycanın Ucar, İmişli və İsmayıllı rayonlarının orta məktəblərində keçirilib.
Nazir bildirib ki, buraxılış sinifləri üçün sınaq imtahanları apreldə və ya martda bir dəfə keçiriləcək. "Buraxılış imtahanları Azərbaycanın beş regional mərkəzində təşkil ediləcək və nəticələr elə həmin gün elan ediləcək", - Mərdanov deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin nümayəndələri bütün regionların məktəblərinə ezam olunacaqlar. Onlar direktor, müəllim və buraxılış sinfləri şagirdləri üçün imtahanların keçirilməsi ilə bağlı treninqlər aparacaqlar.